Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “ABŞ Ermənistanda Avropanın fəallığını qısqanır?” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, uzun müddət TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsi ilə bağlı ciddi açıqlamalar verməyən Vaşinqton ötən gün məhz İrəvanda mühüm bəyanat səsləndirib.
“İrəvan Dialoqu-2026” beynəlxalq forumu zamanı ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavin müavini, TRIPP layihəsini koordinasiya edən Sonata Koulter bildirib ki, Cənubi Qafqaz regionu ABŞ üçün əsas əhəmiyyət daşıyır və regionda qarşılıqlı əlaqələrin əhəmiyyəti yalnız artacaq.
“Vaşinqton sülh sammitindən sonra biz Ermənistanla münasibətləri yaxınlaşdırmağa çalışırıq. Liderlər layihələr hazırlayıblar, biz, bürokratlar və diplomatlar isə onları həyata keçirməyə çalışırıq”, - deyə o bildirib.
Müəllif yazıb ki, Koulterin fikrincə, Qərb investorları bu regiona sərmayə yatırmalıdırlar.
“Koulter əlavə edib ki, TRIPP layihəsi sülh, təhlükəsizlik və rifah gətirəcək. “Bu sadəcə siyasi ritorika deyil, bu, erməni xalqına dəyişikliklərin nəticələrini hiss etməyə kömək etmək üçün kollektiv imkan yaradan tarixin xüsusi anıdır”, - deyə o vurğulayıb.
Əslində ABŞ Avropanın fəallığından təhlükə hiss edib və balans yaratmağa çalışır. Hələlik bu bəyanatlar İrəvanda Dövlət Departamentinin ən yüksək vəzifəli olmayan rəsmisi səviyyəsində səsləndirilir.
Təbii ki, TRIPP layihəsi elan olunduqdan sonra Avropa İttifaqı təkcə Cənubi Qafqazda təsirini artırmağa deyil, həm də Paşinyanı “öz tərəfinə çəkməyə” çalışacaqdı. Çünki çox yaxşı anlayır ki, bir çox məsələlərdə Avropa İttifaqı ilə ABŞ-nin maraqları toqquşa bilər. Buna görə də Ermənistan hakimiyyətini öz orbitindən çıxarmamaq üçün hər şeyi etmək lazımdır”, - deyə məqalədə vurğulanıb.
Müəllif qeyd edib ki, məhz bu məqsədlə Makron İrəvanda mümkün qədər yaxşı görünmək üçün səylər göstərirdi.
“Avropa İttifaqı ilə ABŞ arasında Cənubi Qafqaz və xüsusilə Ermənistan uğrunda mübarizə Ermənistana heç bir müsbət fayda gətirməyəcək. Əvəzində onların qarşıdurmasının nəticəsində məhz Nikol Paşinyan qalib gələcək və hər vasitə ilə yenidən hakimiyyətə gəlmək üçün “kart-blanş” əldə edəcək”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az