Ermənistan KİV-i: Fransa ilə hərbi əməkdaşlıq proqramları Ermənistan üçün hansı təhlükələri yaradır?

2026/05/1778138992.jpg
Oxunub: 453     19:50     08 May 2026    
Makron və Paşinyan strateji tərəfdaşlıq sazişi imzalayıblar.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Zham.am” nəşri “Fransa ilə hərbi əməkdaşlıq proqramları Ermənistan üçün hansı təhlükələri yaradır?” başlıqlı məqalsində yazıb.

Nəşrə görə, sazişin əsasını müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi və Parisin “Airbus” korporasiyası üçün “mümkün perspektivlər” gördüyü nəqliyyat razılaşmaları təşkil edir.

“Paşinyan bu sazişləri guya “Ermənistanın hərbi sahədə diversifikasiya siyasəti” kimi təqdim edəcək. Lakin bu addımla Paşinyan Ermənistanı eyni anda bir neçə tərəfdən hədəfə çevirəcək. Əvvəla, bu hərbi əməkdaşlıq Moskva tərəfindən son dərəcə düşməncəsinə qarşılanacaq.

Burada Paşinyanın bu addımı Rusiyaya qarşı yönəlmiş addım kimi qiymətləndiriləcək. Nəzərə almaq lazımdır ki, bu gün Moskva ilə Paris arasında münasibətlər artıq sadəcə soyuq deyil, demək olar ki, yarımhərbi xarakter alıb. Fransa digər Avropa ölkələri ilə birlikdə Rusiyanı Ukraynada mövqelərindən geri çəkilməyə məcbur etməli olan siyasət elan edib və bu, Moskva tərəfindən demək olar ki, yarımhərbi addım kimi qəbul olunur”, - deyə müəllif qeyd edib.

Məqalədə bildirilib ki, İran NATO ölkəsi ilə Ermənistanın belə bir saziş bağlamasını öz şimal sərhədlərinə qarşı yeni təhlükə ocağının yaradılması kimi qiymətləndirəcək.

“Əgər bu gün İran Ermənistana dost ölkə kimi baxırsa, Paşinyanın səyləri ilə biz nəticələri ilə birlikdə düşmən ölkəyə çevrilirik. Türkiyə isə Paşinyanın bu addımını özünə qarşı Fransa-Yunanıstan-İsrail-Ermənistan dördtərəfli koalisiyasının formalaşması kimi qiymətləndirəcək.

Məlum olduğu kimi, cəmi bir həftə əvvəl Yunanıstan və Fransa strateji müdafiə tərəfdaşlığı sazişini uzatmaq barədə razılığa gəliblər. Bu barədə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Afinada Fransa Prezidenti Emmanuel Makronla danışıqlardan sonra bildirib.

Üstəlik, Mitsotakis vurğulayıb ki, saziş təhlükə halında qarşılıqlı yardım öhdəliklərini nəzərdə tutur. Fransa Prezidenti Emmanuel Makron görünməmiş bəyanat verərək Türkiyə ilə münaqişə halında Yunanıstana hərbi dəstək vəd edib. Analitiklərin fikrincə, bu vəd regionda Fransa siyasətində keyfiyyət dəyişikliyini göstərir. Paris ilk dəfədir təhlükəsizliyini bu qədər açıq şəkildə yunan-türk ziddiyyətləri ilə əlaqələndirir.

Xatırladaq ki, yunan-türk ziddiyyətləri bir neçə istiqamətdə davam edir.

Birinci

Egey mübahisəsi - sərhədlər və suverenlik.


Tərəflər Egey dənizində ərazi suları, hava məkanı və müstəsna iqtisadi zonaların sərhədlərinin müəyyənləşdirilməsi məsələsində razılığa gələ bilmirlər”, - deyə nəşr yazıb.

Müəllif vurğulayıb ki, Yunanıstan BMT-nin Dəniz Hüququ Konvensiyasına uyğun olaraq ərazi sularını 12 dəniz mili qədər genişləndirmək hüququnda israr edir.

“Türkiyə isə bildirir ki, belə genişlənmə “casus belli”, yəni müharibə səbəbi olacaq. Çünki bu, türk gəmilərinin beynəlxalq sulara çıxışını ciddi şəkildə məhdudlaşdıracaq.

İkinci

Kipr məsələsi - bölünmüş ada.


1974-cü ildə Türkiyənin müdaxiləsindən sonra Kipr bölünmüş vəziyyətdə qalır. Cənub hissəsi beynəlxalq səviyyədə tanınan Kipr Respublikasıdır və Avropa İttifaqının üzvüdür.

Şimal hissəsi isə yalnız Ankara tərəfindən tanınan Şimali Kipr Türk Respublikasıdır. BMT-nin himayəsi altında aparılan danışıqlar indiyədək adanın yenidən birləşməsinə gətirib çıxarmayıb.

Üçüncü

Enerji resursları - qaz uğrunda mübahisə.

Şərqi Aralıq dənizində təbii qaz yataqlarının aşkarlanması hasilat hüquqları uğrunda rəqabəti daha da kəskinləşdirib. 2020-ci ildə qarşıdurma pik həddə çatıb. Türk tədqiqat gəmiləri hərbi gəmilərin müşayiəti ilə mübahisəli zonalara daxil olub.

Yunanıstan, Kipr və Misir mövqelərini koordinasiya edirlər, Türkiyə isə mövcud sazişlərin yenidən nəzərdən keçirilməsində israr edir.

Dördüncü

Adaların hərbiləşdirilməsi - 2026-cı ildə yeni tələblər.


2026-cı ilin martından etibarən Türkiyə rəsmi şəkildə Yunanıstana qarşı Egey dənizi adalarında hərbi texnikanın yerləşdirilməsi ilə bağlı tələblər irəli sürüb. Bu, xüsusilə Kerpe (Karpatos) adalarına və digər ərazilərə aiddir”, - deyə “Zham.am” nəşri yazıb.

Müəllifin sözlərinə görə, Ankara bildirir ki, “Patriot” zenit-raket sistemlərinin yerləşdirilməsi 1923-cü il Lozanna və 1947-ci il Paris müqavilələrinin bir sıra adaların hərbsiz statusunu nəzərdə tutan şərtlərini pozur.

“Afina isə bu ittihamları rədd edir və müasir regional təhlükələr qarşısında özünümüdafiə hüququna istinad edir.

Beşinci

Hərbi balans - rəqəmlər və potensial.

Türkiyə dünyanın ən böyük ordularından birinə və NATO-da ABŞ-dən sonra ikinci ən böyük silahlı qüvvələrə malikdir.

Daimi ordunun sayı təxminən 355-425 min aktiv hərbçidir, ehtiyat qüvvələr isə 700 mindən çoxdur.

Ölkə inkişaf etmiş müdafiə sənayesi kompleksinə və regional əməliyyatlarda ciddi təcrübəyə malikdir. Yunanıstan isə əhalisinə nisbətdə Avropanın ən hərbiləşdirilmiş ölkələrindən biridir. Aktiv hərbçilərin sayı təxminən 142,7-177,6 min arasındadır, ehtiyat qüvvələr isə 221,3 minə çata bilər.

Afina yüksək keyfiyyətli texniki təchizata və Fransa, ABŞ və digər müttəfiqlərlə sıx hərbi əməkdaşlığa böyük önəm verir.

Fransanın Aralıq dənizi bölgəsində yeni məqsədləri nələrdir?

Makronun bəyanatı Parisin Şərqi Aralıq dənizində mövcudluğunu gücləndirməyə yönəlmiş daha geniş strategiyasına uyğundur. Fransanın artıq Kiprdə hərbi bazaları var və Yunanıstan, Misir və BƏƏ ilə müdafiə əməkdaşlığını davam etdirir. Paris regionun enerji resurslarına çıxış və Türkiyənin təsirinin məhdudlaşdırılmasında maraqlıdır.

Fransa ilə Yunanıstan arasında 2021-ci ildə imzalanmış ikitərəfli müdafiə sazişi silahlı hücum halında qarşılıqlı yardımı nəzərdə tutur. Fransa Türkiyəni yalnız NATO müttəfiqi deyil, həm də regiondakı rəqib kimi görür. Bundan əlavə, Cənubi Qafqaz regionunda Fransanın əsas rəqibi Rusiyadır. Lakin Ermənistanla hərbi əməkdaşlıq yuxarıda göstərilən amillərə görə yalnız Moskvanı deyil, Ankaranı və Tehranı da ciddi şəkildə narahat edəcək.

Nəticədə Paşinyan Ermənistanı Azərbaycanı nəzərə almadan eyni anda üç istiqamətdən, Türkiyə, Rusiya və İran tərəfindən hədəfə çevirəcək.

Beləliklə, əslində Paşinyanın “müharibə partiyası” formalaşır, lakin əhaliyə bunu saxta “sülh” adı altında təqdim edirlər. Reallıq budur”, - deyə məqalədə vurğulanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Fransa  


Bizi "telegram"da izləyin