Ukrayna Rusiyanın ən böyük neft emalı zavodlarından birinə və HHM sistemləri istehsal edən hərbi zavoda zərbə endirib

2026/05/1777966095.jpg
Oxunub: 346     11:24     05 May 2026    
2026-cı il mayın 5-də gecə saatlarında Ukraynanın pilotsuz uçuş aparatları Leninqrad vilayətinə kütləvi hücum həyata keçirib.

Ordu.az xəbər verir ki, bu barədə vilayətin rəhbəri Aleksandr Drozdеnkо bildirib.

“Kirişi şəhərinin sənaye zonasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin və yanğınsöndürmə xidmətinin əməkdaşları artıq hadisə yerindədir”, - deyə o, öz “Telegram” kanalında yazıb.

Onun sözlərinə görə, vilayət səmasında ümumilikdə 18 pilotsuz uçuş aparatı vurulub, xəsarət alan yoxdur.

Kirişidə Rusiyanın ən böyük neft emalı müəssisələrindən biri olan və “Surgutneftegaz” şirkətinə məxsus “Kirishinefteorgsintez” (KINEF) yerləşir.

Müəssisə son illərdə ildə təxminən 18 milyon ton neft emal edib ki, bu da ölkənin ümumi emal həcminin 7 faizini təşkil edir.

Bundan əvvəl zavod 26 mart tarixində hücuma məruz qalmış və daha sonra məhdud güclə fəaliyyətini bərpa etmişdi.

Eyni gecə Ukrayna Silahlı Qüvvələri Çeboksarı şəhərinə də hücum edib. Bu barədə region rəhbəri Oleq Nikolayev bildirib.

Səhiyyə Nazirliyinin məlumatına görə, üç nəfər xəsarət alıb, onlardan biri xəstəxanaya yerləşdirilib.

Bununla yanaşı, regionda raket təhlükəsi elan edilib.

Yerli sakinlərin yaydığı görüntülərə əsasən, hücumun hədəfi Çeboksarıda yerləşən “VNIIР-Progress” zavodu olub.

Bu müəssisə Rusiya ordusu üçün pilotsuz uçuş aparatlarını radioelektron mübarizə vasitələrindən qoruyan “Kometa” antenlərini istehsal edir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, bu antenlər “İsgəndər-M” və “Kalibr” komplekslərinin raketlərində, eləcə də aviasiya bombalarında istifadə olunur.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gecə ərzində hava hücumundan müdafiə sistemləri 289 pilotsuz uçuş aparatını məhv edib.

Bu aparatların 18 region üzərində vurulduğu, o cümlədən Moskva, Leninqrad, Tula, Ryazan, Pskov, Novqorod vilayətləri, Tatarıstan və işğal olunmuş Krım üzərində zərərsizləşdirildiyi bildirilib.

Eyni zamanda, nazirlik Çuvaşıya üzərində vurulan pilotsuz uçuş aparatları və ya raketlərlə bağlı məlumat təqdim etməyib.

Hava hücumları fonunda Volqoqrad, İjevsk, Kazan, Nijnekamsk, Nijni Novqorod, Orenburq, Orsk, Penza, Perm, Pskov, Samara, Saratov, Tambov, Ulyanovsk, Ufa, Çeboksarı, Çerepovets və Yaroslavl şəhərlərinin hava limanlarında uçuşlar müvəqqəti dayandırılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin