Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə agentlik iki müstəqil mənbəyə əsaslanaraq məlumat yayıb.
Məlumata görə, hələ 2025-ci ildəki “12 günlük müharibə” başlamazdan əvvəl ABŞ kəşfiyyatı belə nəticəyə gəlmişdi ki, İran böyük ehtimalla 3-6 ay ərzində nüvə başlığı yaratmaq üçün kifayət qədər uran istehsal edə bilər.
Həmin müharibədən sonra, ABŞ-nin Natanz, Fordo və İsfahan nüvə obyektlərinə zərbələr endirdiyi dövrdə, ABŞ kəşfiyyatı hesab edirdi ki, nüvə bombasının hazırlanma müddəti təxminən 9-12 ay geri salınıb.
Lakin indi, 2026-cı ilin yeni müharibəsindən sonra kəşfiyyat orqanları düşünür ki, nüvə silahının hazırlanma müddəti dəyişməyib.
Yəni bu müddət hələ də eyni olaraq 9-12 ay təşkil edir.
Agentlik qeyd edir ki, bu müddətin dəyişməməsi İranın nüvə proqramını ciddi şəkildə ləngitmək üçün yüksək zənginləşdirilmiş uranın qalan ehtiyatlarının məhv edilməsinin və ya müsadirə olunmasının zəruri ola biləcəyinə işarə edir.
Son həftələrdə amerikalı rəsmilər İranın nüvə fəaliyyətini əhəmiyyətli dərəcədə zəiflədə biləcək bir sıra riskli addımları müzakirə ediblər.
Bu variantlar sırasında İsfahan obyektinin yeraltı tunel kompleksindən yüksək zənginləşdirilmiş uranın çıxarılması məqsədilə quru hücumları da yer alır.
Bundan əlavə, AEBA-nın qiymətləndirməsinə görə, mövcud yüksək zənginləşdirilmiş uran ehtiyatları əlavə zənginləşdirmə aparılacağı təqdirdə İrana 10 nüvə bombası hazırlamaq üçün kifayət edərdi.
Sevinc Əliyeva
Ordu.az