Ordu.az xəbər verir ki, iki ölkənin ordusunun ayrı-ayrı açıqlamalarına görə ABŞ, Mərakeş və digər tərəfdaş qüvvələr Cap Draa təlim sahəsi yaxınlığında itkin düşən əsgərləri tapmaq üçün quru, hava və dəniz vasitələrindən istifadə edərək koordinasiyalı axtarış-xilasetmə əməliyyatlarına başlayıb.
“Defense News”un məlumatına görə Mərakeş ordusu əsgərlərin uçurum yaxınlığında itdiyini bildirib. Bu çərçivədə səlahiyyətli şəxslər hadisənin araşdırıldığını və axtarışların davam etdiyini əlavə edib. ABŞ Afrika Komandanlığının ən böyük illik birgə təlimi olan “African Lion” ABŞ qüvvələri, NATO müttəfiqləri və Afrika tərəfdaş ölkələri arasında birgə fəaliyyət qabiliyyətini artırmağı hədəfləyir. Bu il 27 aprel-8 may tarixləri arasında Qana, Mərakeş, Seneqal və Tunis olmaqla dörd ölkədə keçirilən təlimin ən böyük hissəsi Mərakeşdə icra olunur. AFRICOM məlumatlarına görə bu prosesdə 40-dan çox ölkədən təxminən 5000 nəfər iştirak edir.
“Flintlock-2026” Çoxmillətli Xüsusi Qüvvələr təlimi başa çatdı
ABŞ Afrika Komandanlığı tərəfindən təşkil edilən və Türkiyənin də qatıldığı “Flintlock-2026” Çoxmillətli Xüsusi Qüvvələr təlimi 30 aprel tarixindən etibarən uğurla başa çatıb. Türkiyə, ABŞ, Almaniya, Böyük Britaniya, Çad, Fransa, İtaliya, Liviya, Macarıstan, Misir və Tunisin iştirak etdiyi Liviyanın Sirte şəhərində keçirilən təlimdə inteqrasiya olunmuş hava, quru və dəniz ssenariləri ilə hərbi əməkdaşlıq və döyüş qabiliyyəti gücləndirilib. Türkiyənin mühüm dəstək verdiyi “Vahid və güclü Liviya” hədəfi çərçivəsində ölkənin şərq və qərb bölgələri də ilk dəfə bu cür təlimdə bir araya gəlib.
Sevinc Əliyeva
Ordu.az