Ordu.az xəbər verir ki, bu barədə “Vajnıye istorii” nəşri Avropa İttifaqı ölkələrindən birinin kəşfiyyat hesabatına istinadən məlumat yayıb.
Məlumata görə, Putin xüsusilə Rusiya siyasi elitasının nümayəndələri tərəfindən mümkün sui-qəsd məqsədilə pilotsuz uçuş aparatlarının istifadəsindən ehtiyat edir.
Bu səbəbdən yüksək vəzifəli şəxslərin fiziki təhlükəsizliyinə cavabdeh olan Federal Mühafizə Xidməti Putinin təhlükəsizlik tədbirlərini xeyli gücləndirib.
Qeyd olunur:
• Rusiya prezidentinin administrasiyasında ziyarətçilər iki mərhələli yoxlamadan keçirilir, o cümlədən Federal Mühafizə Xidmətinin əməkdaşları tərəfindən tam axtarış aparılır,
• Putinin mütəmadi səfər etdiyi yerlərin siyahısı xeyli azaldılıb, o və ailəsi artıq Moskva ətrafındakı və Valdaydakı iqamətgahlarında olmur,
• Ukraynadakı müharibə başlayandan bəri Putin tez-tez modernləşdirilmiş bunkerlərdə, xüsusilə Krasnodar diyarında yerləşən obyektlərdə qalır və həftələrlə oradan işləyir,
• bu il o, heç bir hərbi obyektə səfər etməyib, halbuki 2025-ci ildə belə səfərlər tez-tez baş verirdi,
• Moskvanın bəzi rayonlarında rabitə şəbəkələri mütəmadi olaraq dayandırılır,
• Federal Mühafizə Xidməti kinoloji bölmələrin iştirakı ilə genişmiqyaslı yoxlamalar aparır və Moskva çayı boyunca yerləşdirilərək mümkün pilotsuz uçuş aparatı hücumlarına qarşı hazır vəziyyətdə saxlanılır,
• prezidentin iştirakı ilə bağlı bütün informasiya və media materialları artıq gizli sərəncama əsasən əvvəlcədən razılaşdırılır,
• Putinin yaxın ətrafında çalışan əməkdaşlara mobil telefonlardan istifadə qadağan edilib, onlar yalnız internetə çıxışı olmayan cihazlardan istifadə etməlidirlər,
• həmin əməkdaşlara ictimai nəqliyyatdan istifadə də qadağandır və onlar yalnız xüsusi nəqliyyat vasitələri ilə hərəkət edirlər, onların evlərində isə müşahidə sistemləri quraşdırılıb.
Bundan əlavə, 2024-cü ilin mayından etibarən Rusiya Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutan keçmiş müdafiə naziri Sergey Şoyqunun mümkün çevriliş riski ilə əlaqələndirildiyi bildirilir.
Nəşr qeyd edir ki, onun keçmiş birinci müavini Ruslan Tsalikovun 2026-cı il martın 5-də həbs olunması elitalar üçün qeyri-rəsmi təhlükəsizlik zəmanətlərinin pozulması kimi qiymətləndirilir və bu, Şoyqunun mövqelərini zəiflədir.
Həmçinin Rusiya silahlı qüvvələrinin rəhbər heyətinin fiziki təhlükəsizliyi məsələsi güc strukturları arasında gərginliyə səbəb olub.
2025-ci il dekabrın 22-də Moskvada general-leytenant Fanil Sarvarovun öldürülməsindən sonra Baş Qərargah rəisi Valeri Gerasimov vəziyyəti müzakirə etmək üçün Təhlükəsizlik Şurasının iclasının keçirilməsini təklif edib, lakin Putin daha dar tərkibdə müşavirə ilə kifayətlənib.
Müşavirədə güc strukturlarının nümayəndələri təhlükəsizlik sistemindəki boşluqlara görə bir-birini ittiham edib. Gerasimov xüsusi xidmət orqanlarını hücumları qabaqcadan müəyyən edə bilmədiklərinə görə sərt tənqid edib və zabitlərin qorunması üçün resurs çatışmazlığından şikayətlənib.
Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov isə hücumların sistemli şəkildə qarşısının alınmasının mümkün olmadığını bildirib və Müdafiə Nazirliyində yüksək rəhbərliyin fiziki qorunması ilə məşğul olan xüsusi bölmənin olmamasını tənqid edib.
Rosqvardiyanın rəhbəri Viktor Zolotov isə öz resurslarının Müdafiə Nazirliyinin zabitlərinin qorunmasına yönəldilə bilməyəcəyini qeyd edib.
Müşavirənin sonunda Putin iştirakçıları sakitliyə çağırıb və bir həftə ərzində problemlərin həlli ilə bağlı təkliflərin təqdim edilməsini tapşırıb.
Bundan sonra Putin Federal Mühafizə Xidmətinin direktoru Dmitri Koçnev ilə görüşüb və qurumun daxili qaydalarının dəyişdirilməsi, həmçinin gücləndirilmiş mühafizə altına alınan şəxslərin siyahısının genişləndirilməsi barədə qərar qəbul edilib.
Əvvəllər bu mühafizə yalnız Valeri Gerasimova şamil olunurdu, indi isə siyahıya daha on yüksək rütbəli general daxil edilib. Bu qərarın Gerasimovun siyasi çəkisinin artdığını göstərdiyi qeyd olunur.
Sevinc Əliyeva
Ordu.az