Ordu.az xəbər verir ki, bu barədə “The Standard” nəşri yazıb.
Starmer bu platformadan istifadə edərək Böyük Britaniyanın Ukraynanın bərpası üçün Avropa İttifaqının kredit proqramına qoşulmaq niyyətini də açıqlayıb.
Tramp NATO-nun bəzi ölkələrini İran məsələsində Vaşinqtona dəstək vermədiklərinə görə tənqid edib və yaxın zamanda Almaniyadan 5 min hərbçinin çıxarılması planlarını açıqlayıb.
Nəşr qeyd edir ki, İrəvanda keçirilən sammitdə əsas müzakirə mövzuları Ukrayna və İran ətrafındakı münaqişələr olub. Bu isə ABŞ prezidentinin Ukrayna məsələsinə marağının azalması və İran məsələsində ənənəvi müttəfiqlərə yönəlmiş tənqidlərin fonunda baş verir.
Plenar iclasda çıxış edən Starmer deyib: “Biz etiraf etməliyik ki, güvəndiyimiz bəzi ittifaqlar istədiyimiz vəziyyətdə deyil. İttifaqlarda lazım olandan daha çox gərginlik var və buna görə də çox vacibdir ki, biz ölkələr qrupu olaraq buna birlikdə cavab verək”.
O, həmçinin bildirib ki, Yaxın Şərqdəki böhran qlobal iqtisadiyyata ciddi zərər vurur və bu, bütün ölkələrin vətəndaşlarına təsir edəcək.
Starmerin İrəvana səfəri Böyük Britaniyada keçiriləcək yerli seçkilər ərəfəsində baş tutur. O qeyd edib ki, Britaniya Kiyevə Avropa İttifaqının 90 milyard avro məbləğində kredit ayrılması məsələsi üzrə danışıqlara başlayacaq.
Dauninq Stritdən bildirilib ki, bu təşəbbüs həm Ukrayna, həm də Avropa İttifaqı üçün yeni imkanlar yaradacaq.
Sammitdə Ukrayna, Fransa, İtaliya, Polşa, Norveç, Finlandiya, NATO, Avropa Komissiyası və Avropa Şurasının liderləri iştirak ediblər. Həmçinin Kanada da Avropa Siyasi Birliyində iştirak edən ilk qeyri-Avropa ölkəsi kimi tədbirə qatılıb.
Qeyd olunur ki, kredit təşəbbüsü Britaniya müdafiə şirkətləri üçün yeni müqavilə imkanları yarada bilər. Ödənişlərin Böyük Britaniyanın Ukrayna üçün ayırdığı 3 milyard funt sterlinq çərçivəsində həyata keçiriləcəyi bildirilir.
Starmer jurnalistlərə açıqlamasında bildirib ki, bu təşəbbüs Britaniyanın hərbi potensialına, iş yerlərinin yaradılmasına və Britaniya-Avropa İttifaqı münasibətlərinə müsbət təsir göstərəcək.
Avropa ölkələri həmçinin müharibədən sonra boğazda naviqasiya azadlığının təmin edilməsinə dəstək verməyə hazır olduqlarını bildiriblər.
Tramp daha əvvəl ABŞ-nin boğazda bloklanan gəmilərə istiqamət verəcəyini açıqlamışdı. Bundan sonra İranın bir ABŞ hərbi gəmisini raketlə vurduğu iddia edilsə də, ABŞ tərəfi bu məlumatı təkzib edib.
Sevinc Əliyeva
Ordu.az