“Axios”: Trampın İran ətrafında yaranmış dalan vəziyyətindən narazılığı “Hörmüz gambiti”nə gətirib çıxarıb

2026/05/1777615708.jpg
Oxunub: 313     19:34     04 May 2026    
ABŞ prezidenti Donald Trampın İran məsələsində “nə razılaşma, nə müharibə” prinsipi ilə yaranmış dalan vəziyyətdən səbrinin tükəndiyi bildirilir.

Ordu.az xəbər verir ki, bu barədə “Axios” nəşri yazır.

Nəşrin məlumatına görə, bu dinamikanı dəyişmək üçün verdiyi əməliyyat qərarı nəticədə yenidən müharibəyə səbəb ola bilər.

“Prezident hərəkət istəyir. O, əlini-qolunu sallayıb oturmaq istəmir. O, təzyiq istəyir. O, razılaşma əldə etmək istəyir”, - deyə yüksək vəzifəli amerikalı məmur “Axios”a bildirib.

Bildirilir ki, cümə axşamı axşamı Trampa Hörmüz boğazına hərbi dəniz qüvvələrinin göndərilməsi planı təqdim olunub. Lakin son anda o, ən azı ilkin mərhələdə daha ehtiyatlı yanaşmaya üstünlük verib.

Bazar ertəsindən etibarən ABŞ Hərbi Dəniz Qüvvələri ABŞ bayrağı altında üzən və digər ticarət gəmilərinə boğazdan keçməkdə kömək edəcək, onlara minalardan yayınmaq üçün məsləhətlər verəcək və İran tərəfindən hücum olacağı təqdirdə müdaxiləyə hazır olacaq. ABŞ rəsmiləri bildirirlər ki, hazırda tammiqyaslı dəniz müşayiəti proqramı yoxdur. Bunun əvəzinə hərbi gəmilər “yaxınlıqda” və hazır vəziyyətdə olacaq, həmçinin ABŞ hərbi aviasiyası da prosesə cəlb ediləcək.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, “Azadlıq” layihəsi çərçivəsində ABŞ-nin hərbi dəstəyi idarə olunan raketli minaaxtaran gəmilər, pilotsuz uçuş aparatları, quru və dəniz bazalı 100-dən çox təyyarə və 15 min hərbçini əhatə edəcək. Amerikalı rəsmi bildirib ki, bölgədə ABŞ silahlı qüvvələri üçün döyüş qaydaları dəyişdirilib və onlara boğazdan keçən gəmilərə, xüsusilə də İran İnqilab Keşikçiləri Korpusunun sürətli katerlərinə və ya raket mövqelərinə qarşı birbaşa zərbələr endirməyə icazə verilib.

ABŞ prezidentinə yaxın mənbə bunu “iranlılarla toqquşmaya gətirib çıxara biləcək prosesin başlanğıcı” kimi qiymətləndirib.

“Boğazda bloklanan gəmilərin azad edilməsi üzrə “humanitar” missiya o deməkdir ki, iranlılar hər hansı addım atarsa, “pis tərəf” kimi görünəcəklər və biz hərəkət etmək üçün qanuni əsas əldə edəcəyik”, - deyə mənbə bildirib.

ABŞ Mərkəzi Komandanlığının komandanı, admiral Bred Kuper Trampa daha iddialı plan təqdim edib.

Bu planla tanış olan amerikalı rəsmi bildirib ki, ABŞ iranlıların cavab olaraq istifadə edəcəyi hər hansı raket və ya sürətli kateri məhv edəcək və İran eskalasiyaya gedərsə, xüsusilə də Fars körfəzi ölkələrinə hücum edərsə, müharibəni tam gücü ilə bərpa edəcək.

Mövcud variant daha az eskalasiya riski daşıyır, lakin vəziyyəti böyük ölçüdə dalan vəziyyətində də saxlaya bilər.

“Azadlıq” layihəsinin gələcək inkişafı İranın reaksiyasından asılı olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İran  


Bizi "telegram"da izləyin