Ordu.az xəbər verir ki, bunu rus politoloq Sergey Markedonov mayın 4-5-də İrəvanda keçiriləcək Avropa siyasi birliyi platformasının 8-ci sammitinə və Ermənistan-Avropa İttifaqı ilk sammitinə, həmçinin bu fonda Volodimir Zelenskinin İrəvana gözlənilən səfərinə münasibət bildiərkən qeyd edib.
Analitik xatırladır ki, ötən il Kopenhagen şəhərində keçirilən Avropa siyasi birliyi sammitinin nəticələrini yekunlaşdırarkən Danimarkanın baş naziri Mette Frederiksen bildirmişdi: “Hamıya aydındır ki, Rusiya təkcə Ukrayna üçün deyil, bütün Avropa üçün təhdiddir”.
Onun sözlərinə görə, Avropa İttifaqı ölkələrinin liderləri bütün dünyanı təmsil etməsələr də, Rusiya üçün bu siyasi “netvorkinq” mühitinin ümumi ab-havasını anlamaq və ötürmək vacibdir.
“Bununla belə, əgər Zelenski həqiqətən Ermənistana səfər etsə, bu səfərin əhəmiyyətini də kiçiltmək olmaz. İlk növbədə, SSRİ-nin dağılmasından sonra Ermənistan və Ukrayna arasında yüksək səviyyəli təmaslar kifayət qədər məhdud olub. 1996-cı ilin mayında və 2022-ci ilin oktyabrında İrəvana Ukraynanın ikinci prezidenti Leonid Kuçma səfər edib. Viktor Yanukoviç də Ermənistanda olub, lakin hökumət başçısı kimi Spitak zəlzələsinin 20 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün səfər edib. Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan üç dəfə Kiyevə səfər edib, bir dəfə Yanukoviçin andiçmə mərasimində iştirak etmək üçün, daha sonra rəsmi səfərlə, bir dəfə isə danışıqlar aparmaq və “Avro-2012”nin final oyununu izləmək məqsədilə Kiyevdə olub. Əslində mənzərə budur. Postsovet dövründə Ukrayna Azərbaycanın strateji tərəfdaşına çevrilib. Buna onun Moskvadan açıq şəkildə uzaqlaşmasını da əlavə edək (xatırladaq ki, Kuçmanın “Ukrayna Rusiya deyil” kitabı “ikinci Maydan”dan on il əvvəl nəşr olunub). Lakin bu gün 1991-ci ildən sonra Azərbaycandan fərqli olaraq Rusiya ilə strateji müttəfiq yolunu seçmiş Ermənistan öz xarici siyasət yanaşmalarını yenidən nəzərdən keçirmək yoluna qədəm qoyub”, - deyə Markedonov qeyd edir və əlavə edir ki, komplementar siyasət və diversifikasiya həmişə İrəvanın prioritetləri olub.
Markedonov xatırladıb ki, komplementarlıq ideyası Robert Köçəryanın prezidentliyi dövründə dövriyyəyə buraxılıb, CEPA sazişi isə Serj Sarkisyan tərəfindən imzalanıb. Lakin onun qiymətləndirməsinə görə, burada prinsipial fərq var: o zaman digər istiqamətlər əsas rus vektorunu sadəcə tamamlayırdı, onu kölgədə qoymurdu.
“Köçəryanın və ya Sarkisyanın ən pis yuxusunda belə “KTMT Ermənistan üçün təhdiddir” kimi yanaşma ola bilməzdi”, - deyə Markedonov yazıb.
Onun fikrincə, bu gün Ermənistan hakimiyyətinin başqa prioritetləri var.
“Baxmayaraq ki, Avropa İttifaqına üzvlük İrəvan üçün real perspektiv deyil (Tbilisidən fərqli olaraq Ermənistanın hətta namizəd ölkə statusu yoxdur), hakimiyyət Brüsselə yaxınlaşmağa çalışır, bəzən hətta Avrasiya İqtisadi Birliyi və Rusiya ilə əməkdaşlıqdan irəli gələn aşkar iqtisadi üstünlükləri də nəzərə almır. Bu kontekstdə Zelenskinin mümkün səfəri Ermənistanın xarici siyasətinin diversifikasiyasının yeni mərhələsinin mühüm və bəzi hallarda riskli simvoluna çevrilə bilər. Bu, “Vətəndaş Müqaviləsi” partiyasının seçki uğuru halında ölkənin gələcək yolunu müəyyən edə bilər. İstisna deyil ki, vəziyyət 1980-ci illərin sonlarında məşhur mahnı sözlərini xatırlatsın: “Öz sahilini tərk etdin, amma o birinə çatmadın”. Nəticə etibarilə, Ukrayna 2013-2026-cı illərdə tam mənada “Avropa sahili”nə çevrilmədi, Brüsseldə o daha çox Avropa sərhədi kimi qəbul olunur. Lakin Ermənistandan fərqli olaraq Ukrayna heç olmasa coğrafi baxımdan Avropada yerləşir. Eyni zamanda, Rusiyaya qarşı dayanaraq Kiyev Moskva üçün xüsusi əhəmiyyət daşıyan regionlarda, Yaxın Şərqdə və Cənubi Qafqazda da fəallaşmağa çalışır”, - deyə Markedonov bildirib.
Alpər Mövludoğlu
Ordu.az