Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Sammitin kölgəsində: seçkilərdən əvvəl hakimiyyətin xarici oyunu və onun qiyməti” başlıqlı maqələsində yazıb.
Nəşrə görə, mayın əvvəlində İrəvanda planlaşdırılan sammit mühüm beynəlxalq hadisə kimi təqdim olunur, lakin onun keçirilmə günü yaxınlaşdıqca əsas sual daha aydın görünür: görəsən, o, ictimaiyyətə təqdim olunmağa çalışılan əhatə və təsirə malik olacaqmı?
“Ekspert dairələrində artıq belə fikir formalaşıb ki, bu cür tədbirlərin seçkiqabağı mərhələdə siyasi istifadəsi seçkilərin nəticələrinə ciddi təsir göstərə bilər. Eyni zamanda, xarici dayaqlara əsaslanan gözləntilərin özünü doğrultmadığı presedentlər də xatırladılır.
Daxili siyasi meydanda son dövrdə qeydə alınan proseslər vəziyyətə əlavə gərginlik verir. Repressiyalar və sərt inzibati alətlərin tətbiqi barədə məlumatlar təkcə daxildə reaksiya doğurmur, həm də xarici tərəfdaşlarda narahatlıq yaradır. Demokratik dəyərlərlə uyğun gəlməyən bu hadisələr seçkiqabağı mərhələdə elə bir mənzərə yaradır ki, onu demokratik dövlət barədə formalaşmış təsəvvürlərlə uzlaşdırmaq çətindir. Bu kontekstdə hakimiyyətin davranışı sabit idarəetmədən daha çox siyasi qeyri-müəyyənlik və etimad çatışmazlığından xəbər verir.
Avropa siyasi mühitində də ehtiyatlılığın artdığı nəzərə çarpır. Son illərdə müxtəlif ölkələrdə seçki prosesləri, o cümlədən hakimiyyət dəyişiklikləri ilə müşayiət olunan hadisələr elə bir vəziyyət formalaşdırıb ki, xarici dəstək artıq şərtsiz amil kimi qəbul edilmir”, - deyə nəşr qeyd edib.
Müəllifin sözlərinə görə, aydındır ki, Avropa liderləri müdaxilə kimi qəbul edilə biləcək və ya gözlənilməz nəticələr doğura biləcək proseslərə cəlb olunmaqdan yayınırlar.
“Bu fonda gözlənilən sammitin siyasi çəkisi rəsmi təbliğatın təqdim etməyə çalışdığı qədər deyil, daha nisbi xarakter daşıyır. Nikol Paşinyanın region səfərləri də ictimai qavrayışda ciddi dəyişikliklərin baş verdiyini göstərir. Qəbul səviyyəsi, reaksiyalar və ümumi atmosfer hakimiyyətə etimadın artıq əvvəlki kimi olmadığını göstərir. Bu isə öz növbəsində xarici təşəbbüslərin fəallaşdırılmasının daxili problemləri ört-basdır etməyə yönəldiyi, real siyasi nəticə təmin etməyə deyil, daha çox belə təsəvvür yaratdığı fikrini gücləndirir.
İrəvanda planlaşdırılan sammit faktiki nəticələrindən asılı olmayaraq artıq daxili siyasi mübarizə alətinə çevrilib. Lakin bu yanaşma ciddi risklər ehtiva edir. Xarici siyasi tarazlığın pozulması, xüsusilə kiçik və açıq iqtisadiyyata malik ölkə üçün ağır iqtisadi və sosial nəticələrə gətirib çıxara bilər. İstənilən münasibətin kəskinləşməsi dərhal vətəndaşların həyat səviyyəsinə təsir edir, artıq mövcud problemlərin dərinləşməsi isə uzunmüddətli nəticələr doğura bilər.
Yaranmış vəziyyətdə bir şey aydındır: xarici siyasət daxili legitimliyi əvəz edə bilməz. Siyasi sabitlik beynəlxalq tədbirlərin sayı ilə yox, ictimaiyyətin etimadı ilə formalaşır. Onun olmaması isə hətta ən yüksək səviyyəli görüşləri ölkənin gələcəyinə real təsiri olmayan formal tədbirlərə çevirir”, - deyə “Past” yazıb.
Alpər Mövludoğlu
Ordu.az