Rusiyada payız sınağı: sosial partlayışın qarşısı necə alınacaq?

2026/04/1776883114.jpg
Oxunub: 831     22:37     22 Aprel 2026    
Ötən həftə Monakoda yaşayan rusiyalı keçmiş aparıcı-aktrisa Viktoriya Bonya Rusiya prezidenti Vladimir Putinə müraciət edib və onun ətrafındakı məmurları tənqid edərək bildirib ki, onlar “reallığı gizlədirlər”. Bonya Putinə deyib ki, “xalq ondan qorxur”. O, insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasından danışıb. Kremlin mətbuat katibi Peskov Bonyanın adını çəkmədən cavab olaraq bildirib ki, “həmin paylaşımda qeyd olunan faktlar diqqət mərkəzindədir”. Bonya Kremlin təbliğatçısı Solovyov tərəfindən kobud tənqidə məruz qalıb.

Belə görünürdü ki, hər şey “janrın qaydalarına uyğun” gedir: Rusiyadan getmiş keçmiş aktrisa Putini “tənqid edir”, Kreml bunu “nəzərə alır”, hakimiyyətin təbliğatçısı “Bonyanın imperialist mahiyyətini ifşa edir”, cəmiyyət bir qədər “əylənir”, real siyasət isə ya dəyişməz qalır, ya da Vladimir Putinin planlaşdırdığı kimi dəyişir.

Məlum olur ki, Bonyanın xəbərdarlığı kifayət qədər ciddidir. “Deutsche Welle”nin rus xidməti xəbər verib ki, Dövlət Dumasında kommunist fraksiyasının rəhbəri Gennadi Zyuqanov hakimiyyətə təkcə Bonyanın “Instagram” paylaşımını xatırlatmayıb, həm də vurğulayıb ki, Rusiya iqtisadiyyatı dağılır, artıq “tənəzzülün dibinə çatıb”. Zyuqanov bəyan edib ki, kommunistlər “tam şəkildə Putini dəstəkləyirlər”, lakin hökumət sosial-iqtisadi vəziyyəti yaxşılaşdırmaq istiqamətində qəti islahatlar həyata keçirməsə, payızda “ölkəni 1917-ci ildə baş verənlər təhdid edir”.

“Qayğıkeş çar - yarıtmaz boyarlar” mantrası Rusiyanın siyasi tarixinin ayrılmaz müşayiətçisidir və hətta sovet dövründə də ictimai rəy formalaşdırıb. O dərəcədə ki, güllələnmə “divarı” qarşısında dayanan insanlar belə “yaşasın yoldaş Stalin” nidaları ilə ölümü qarşılayıblar. Görünür, iqtisadi kollapsın astanasında olan və Ukrayna müharibəsindən şərəfli çıxış yolu axtaran Rusiyada “hökumətin başını götürmək” qərarına gəliblər. Böyük ehtimalla, Dövlət Dumasına seçkilərin təbliğatı “köklü dəyişikliklərin zəruriliyi” narrativi üzərində qurulacaq. Əgər, əlbəttə ki, daha ciddi problemlər yaranmasa və Putin Mişustinin “komandası”nı daha tez istefaya göndərməsə…

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Putin  


Bizi "telegram"da izləyin