İki həftəlik atəşkəsin başa çatma müddətinə dörd saat qalmış ABŞ Prezidenti bəyanatla çıxış edib və bildirib ki, İran hökumətində ciddi parçalanmanı nəzərə alaraq, həmçinin Pakistan Silahlı Qüvvələrinin komandanı feldmarşal Asim Munir və Baş nazir Şahbaz Şərifin xahişini nəzərə alaraq, İrana qarşı hərbi əməliyyatları yenidən başlamamaq qərarı verib. Tramp eyni zamanda bildirib ki, İran limanlarının blokadası qüvvədə qalır.
“Mən atəşkəsi onların (İranın) təklifi təqdim olunana və danışıqlar bu və ya digər şəkildə başa çatana qədər uzadıram”, - deyə ABŞ Prezidenti yekunlaşdırıb. “Axios” İranın BMT-dəki daimi nümayəndəsi İravanidən sitat gətirib. Onun sözlərinə görə, “İran ABŞ-dən dəniz blokadasını aradan qaldırmağa hazırlıq siqnalları alıb və bu baş verən zaman danışıqlar başlanacaq”.
İran-ABŞ danışıqlarının ikinci mərhələsi ətrafında informasiya o qədər qarışıq və ziddiyyətlidir ki, xüsusilə İran rəsmilərinin, diplomatlarının və hərbçilərinin bu və ya digər bəyanatları fonunda nəyin ən azı reallığa yaxın olduğunu müəyyənləşdirmək çətindir.
Fakt budur ki, sərt ritorikaya baxmayaraq, ABŞ Prezidenti atəşkəs müddəti bitdikdən sonra İrana qarşı hərbi əməliyyatların başlanması barədə əmr verməyib.
Üstəlik, o, yekun mövqeyini bildirmək üçün son tarix də müəyyən etməyib. Bu isə onu göstərir ki, ABŞ Prezidenti, necə deyərlər, İranın daxili siyasi reallıqlarına “anlayışla yanaşır”. Bu da öz növbəsində Ağ Evin müharibənin yenidən başlanmasının bütün risklərini, ilk növbədə İran İslam Respublikasının dağılması və ərazi baxımından parçalanması ilə bağlı təhlükələri hesabladığını göstərir.
Ehtiyatlı nikbinliklə demək olar ki, ABŞ Prezidenti Yaxın Şərqin və ona bitişik regionların “qarşısında cəhənnəmin qapılarını bağlayıb”. Məsələ ondadır ki, bu qərar İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanlığı və Ali Milli Təhlükəsizlik Şurasındakı “şahinlər” tərəfindən necə qarşılanacaq.
İrana təklif olunan “saziş”, əlbəttə, şərəfli deyil, lakin hərbi kapitulyasiya daha ağır ola bilər.
Asif Cəfərov
Ordu.az