Almaniyanın Türkiyədəki səfiri MPG A.Ş.-ni ziyarət edib

2026/04/1776865102.jpg
Oxunub: 406     17:39     22 Aprel 2026    
Almaniyanın Türkiyədəki səfiri Sibilla Katarina Sorq Konyada yerləşən MPG A.Ş.-ni ziyarət edərək şirkətin istehsal fəaliyyəti və texnoloji potensialı haqqında məlumat alıb.

Ordu.az xəbər verir ki, Sorq ziyarətdən sonra “X” sosial media platformasında etdiyi paylaşımda firmanın bölgədəki innovasiya gücünü təmsil etdiyini bildirib.

Almaniya səfiri paylaşımında MPG-nin kənd təsərrüfatı maşınları istehsalı ilə başladığı fəaliyyətini bu gün tikinti, müdafiə və mina təmizləmə sahələrinə daşıdığına diqqət çəkib. Şirkətin Avropa İttifaqına ixrac həyata keçirdiyini bildirən Sorq, eyni zamanda Almaniyadan hidravlika, polad və elektron hissələr tədarük etdiyini vurğulayıb.

MPG

1966-cı ildə kənd təsərrüfatı maşınları istehsalı ilə qurulan MPG A.Ş. illər ərzində məhsul çeşidini genişləndirərək Türkiyədə öz sahəsində mühüm mövqeyə yüksəlib.

1988-ci ildə kran istehsalına başlayan şirkət Türkiyədə ilk yerli kranı istehsal edərək sənayedə yeni addım atıb. 1993-cü ildə hazırlanan ağac çıxarma və əkmə maşını şəhərsalma və landşaft sahəsində istifadə olunan ətraf mühit yönümlü həll kimi önə çıxıb.

1994-cü ildə “Kombassan Holdinq”in tərkibinə daxil olan şirkət 1997-ci ildə çox lüləli reaktiv yaylım atəş sistemi kranının istehsalı ilə müdafiə sənayesinə daxil olub. Bu proses zirehli təxliyə maşınları, partlayıcı məhvetmə sistemləri və raket daşıma həlləri kimi layihələrlə davam edib.

2016-cı ildə dünyanın ən uzun və ən yüksək tutumlu qatlanan bumlu kranını istehsal edən MPG mühəndislik qabiliyyətlərini beynəlxalq bazara daşıyıb. 2017-ci ildən etibarən “Bera Holdinq”in tərkibində fəaliyyətini davam etdirən şirkət Elmi-Tədqiqat və Təcrübə-Konstruktor İşləri mərkəzi sertifikatı alaraq texnologiya inkişaf etdirmə fəaliyyətlərini institusionallaşdırıb.

Bu gün MPG A.Ş. yüksək əlavə dəyərli və strateji məhsulları ilə həm mülki, həm də müdafiə sənayesində fəaliyyət göstərən, ixracyönümlü istehsalçı kimi işini davam etdirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Türkiyə  


Bizi "telegram"da izləyin