Minlərlə fasiləsiz hədəfli zərbəyə baxmayaraq, Tehran, görünür, hələ də ballistik raket arsenalının böyük hissəsinə, həmçinin müharibə ərzində müxtəlif ölkələrə atılmış və məhv edilmiş ehtiyatları bərpa etmək imkanına malikdir.
ABŞ kəşfiyyatı və hərbi rəsmilərinin məlumatına görə, İran müharibədən əvvəlki ballistik raket arsenalının 70 faizinə qədərini və buraxılış qurğularının 60 faizini hələ də saxlaya bilər.
Bu məlumatlar ABŞ müharibə naziri Pit Heqsetin proqramın “funksional olaraq məhv edildiyini” iddia etməsindən bir neçə gün sonra yayılıb, halbuki o, İranın raketləri və buraxılış qurğularını “torpaq altından çıxardığını” da etiraf edib.
Bundan başqa, o iddia edib ki, Tehranın “müdafiə sənayesi yoxdur, hücum və ya müdafiə imkanlarınızı bərpa etmək qabiliyyəti yoxdur”.
Bəs əslində nə baş verir? ABŞ-İsrailin genişmiqyaslı hava kampaniyası İranın raket proqramına ölümcül zərbə vurdu, yoxsa sadəcə ona müvəqqəti geriləmə yaşatdı?
Davamlı geriləmə
“İranın raket proqramı tarixində ən böyük geriləməni yaşayaraq çox ağır zərbə alıb”, - deyə Yel Universitetinin müəllimi və “Kölgə Komandiri: Süleymani, ABŞ və İranın qlobal ambisiyaları” kitabının müəllifi Araş Əzizi “The New Arab”a bildirib.
O, həmçinin qeyd edib: “Amma onun əsasları sağlamdır və davam edəcək”.
“Mount Allison” Universitetinin Siyasət və Beynəlxalq Münasibətlər Departamentinin dosenti Ceyms Devin hesab edir ki, xüsusilə də ABŞ sadəcə qələbə elan edib geri çəkilərsə, İranın arsenalını yenidən qurması onu ilk dəfə qurduğundan daha az vaxt aparacaq.
“Bunun nə qədər vaxt aparacağını dəqiq demək çətindir. Amma (2025-ci ilin iyunundakı) 12 günlük müharibədən sonra Tehran fövqəladə bərpa təcrübəsi qazandı və son 40 gündə qazandığı təcrübə nəzərə alınsa, indi hansı silah sistemlərinin daha effektiv olduğunu çox daha yaxşı bilir”, - deyə Devin TNA-ya bildirib.
Devinin fikrincə, İran bu münaqişədən daha təcrübəli və özünün bunu uğur hesab etməsi səbəbilə daha cəsarətli bir güc kimi çıxa bilər.
“ABŞ bunu blokada və aralıq hava zərbələri ilə çətinləşdirə bilər, amma bunu tamamilə dayandırmaqda çətinlik çəkər. Və bu, münaqişənin yenidən alovlanması riskini daşıyar”, - deyə o qeyd edib.
Tehrandakı Bəharəstan meydanında İranın “Müqəddəs Müdafiə Həftəsi” çərçivəsində ballistik raketlər, hava hücumundan müdafiə sistemləri və pilotsuz uçuş aparatları nümayiş etdirilir
Risk kəşfiyyatı şirkəti RANE-də Yaxın Şərq və Şimali Afrika üzrə baş analitik Rayan Bol da hesab edir ki, kampaniya böyük ehtimalla İranın raket proqramına uzunmüddətli ölümcül və ya strateji zərbə vurmaqda uğursuz olub.
“Məncə, geriləmələr olub, amma proqram sökülməyib və ya məhv edilməyib. Eyni zamanda, İranın raketləri də möcüzəvi deyil, onların regional təsiri, məsələn, martda Qətərin “Ras Laffan” hadisəsində doluğu kimi nisbətən zəif olub, kütləvi mülki itkilər az olub və təsdiqlənmiş təchizat məhvetmə halları məhdud saydadır”, - deyə o, TNA-ya bildirib.
RANE analitiki hesab edir ki, İranın nəhəng yeraltı raket şəhərcikləri müharibə boyunca “nisbətən yaxşı fəaliyyət göstərib”. O, bunu konsepsiyanın işlədiyinin sübutu kimi qiymətləndirir və ehtimal edir ki, Tehran gələcək müharibələrdə onları yenidən “istifadə etmək istəyəcək”.
“Şübhəsiz ki, onların üzərində qurmaq və onları təkmilləşdirməyin yollarını tapmaq müharibədən sonrakı dövrdə İran üçün əsas müdafiə prioritetləri olacaq”, - deyə Bol bildirib.
Əksinə, Əzizi hesab edir ki, çox təbliğ olunan bu yeraltı komplekslərlə bağlı “aydın şəkildə nəsə var”, amma bunlar hələ də əməli fəaliyyətdən çox təbliğatdır. “Onların xüsusilə nəzərəçarpan rol oynadığını görməmişik”, - deyə o qeyd edib.
Devin İranın ümumi strategiyasını “kifayət qədər effektiv” qiymətləndirir.
“Bura pilotsuz uçuş aparatlarından geniş istifadə, maye yanacaqlı raketlərdən çox bərk yanacaqlı raketlərə üstünlük verilməsi və bəli, yeraltı raket şəhərcikləri daxildir ki, bunlar İran ordusuna çox böyük zərbələri udmağa və döyüşməyə davam etməyə imkan verib. Bu, yəqin ki, elə də sürpriz olmamalı idi”, - deyə o bildirib
Devin xatırladıb ki, 1991-ci il Fars körfəzi müharibəsində ABŞ rəhbərliyindəki koalisiya İraqın mobil “Scud” ballistik raket buraxılış qurğularını aşkar edib məhv etməkdə ciddi çətinlik çəkirdi.
“Bu tükəndirmə strategiyası ilə Tehranın mozaik komanda quruluşu arasında ABŞ-nin İran ordusunu tamamilə susdurması çox çətin olacaq. Əlbəttə, bu, bütövlükdə ölkə və ortada qalan mülki əhali üçün son dərəcə yüksək bədəllə başa gəlir”, - deyə o vurğulayıb.
Rəqəmlər oyunu
RANE-dən Bol hesab edir ki, ABŞ-İsrail kampaniyası zamanı İranın ballistik raketlərinin neçə faizinin məhv edildiyinə dair kəşfiyyat qurumlarının qiymətləndirmələri son nəticədə həddindən artıq nikbin çıxa bilər.
“Əsas məsələ budur ki, İran ehtiyac yaranarsa, ən azı bir neçə ay ərzində gündə 10-20 raket kimi nisbətən aşağı tempdə regional zərbələr endirməyə davam edə bilər. Amma bunun regionun qalan hava hücumundan müdafiə sistemlərini qəti şəkildə tükətməyə kifayət edib-etməyəcəyi aydın deyil, məncə, bunu tam əminliklə demək üçün hələ daha çox şey baş verməli idi”, - deyə Bold bildirib.
Devin vurğulayıb ki, İranın qalan imkanlarını qiymətləndirərkən “çox ehtiyatlı” olmaq lazımdır.
O bildirib ki, nə ABŞ-nin, nə də İran hökumətinin səsləndirdiyi iddiaları olduğu kimi qəbul etmək olmaz: “Bununla belə, ABŞ və İsrail İranın hava hücumundan müdafiə sisteminin 85 faizini və İranın buraxılış qurğuları ilə raketlərinin 60-70 faizini məhv etdiklərini iddia edirlər”.
Onun qeyd etdiyinə görə, digər, daha ehtiyatlı qiymətləndirmələr təsdiqlənmiş rəqəmin cəmi 30 faizə yaxın olduğunu göstərir.
“Ən yüksək qiymətləndirmələr doğru olsa belə, aydındır ki, İranın ixtiyarında hələ də əhəmiyyətli arsenal qalır. Münaqişənin ilk həftəsindən sonra raket və pilotsuz uçuş aparatı hücumları azaldı, amma o vaxtdan bəri kifayət qədər sabit qalır”, - deyə Devin qeyd edib.
Məsələn, atəşkəsdən əvvəlki son 10 gündə İranın Birləşmiş Ərəb Əmirliklərinə qarşı raket və pilotsuz uçuş aparatı hücumları əhəmiyyətli dərəcədə artıb. Bundan əlavə, Tehran ABŞ və ya İsrailin enerji obyektlərinə hücumlarına cavab olaraq gərginliyi artırmaq qabiliyyətini qoruyub saxlayıb.
“Qısası, İranın atəşkəsdən əvvəlki hərbi səylərini ən azı daha bir ay, hətta silahlarını bir qədər daha diqqətlə normalaşdıraraq istifadə etsə, bundan da çox davam etdirə bilməyəcəyini güman etmək səhv olar. Bu, Yəməndəki husiləri də nəzərə almır. İndiyədək onların iştirakı məhdud olaraq qalıb”, - deyə Devin vurğulayıb.
İran nə qədər raket itirsə və ya xərcləsə də, zamanla onları bərpa edə bilər, bəzilərini isə digərlərindən daha tez.
“Düşünürəm ki, aşağı səviyyəli sistemləri asanlıqla əvəz etmək olar, yüksək səviyyəli sistemlər isə İranın müharibədən sonrakı uyğunlaşma strategiyasından asılı olacaq. O, Rusiyanın və Çinin hərbi təchizat zəncirlərinə daha dərindən inteqrasiya olunacaqmı? Hərbi-sənaye kompleksini yenidən qurmaq və genişləndirmək üçün kifayət qədər iqtisadi rahatlama tapa biləcəkmi?”, - deyə RANE-dən Bol bildirib.
Bolun sözlərinə görə, İran nisbətən sadə, “kor” raketlər və reaktiv mərmilər istehsal etmək qabiliyyətinə malikdir, amma bunlar hətta ciddi yenidənqurma olmadan da təbiətcə daha qısa mənzilli və xeyli az dəqiq olacaq: “Amma bu, onların imkanlarını dəyişdirər və gələcək münaqişə mərhələlərində onları daha az təhlükə halına gətirər”.
Müzakirə olunmaz
İran müharibəsindən əvvəl də Tehran öz ballistik raket proqramı ilə bağlı danışıqlar aparmaqdan imtina edir, bu nəhəng arsenalın müdafiəsi üçün vacib olduğunu dəfələrlə bildirirdi. Bu mövqenin dəyişməsi ehtimalı azdır.
Araş Əzizi xatırladıb ki, Obama dövründə İranla bağlanan nüvə sazişi, yəni Birgə Hərtərəfli Fəaliyyət Planı İranın raketləri ilə bağlı heç bir müddəa ehtiva etmirdi. Bundan əlavə, BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi yalnız İranın məcburi hesab etmədiyi qeyri-müəyyən raket dili ehtiva edirdi.
“Raketlər hazırkı danışıqlar ətrafında gedən açıq qarşıdurmaların da əsas hissəsi olmayıb. İran ümumilikdə raketlər məsələsində nüvə faylı ilə müqayisədə daha az güzəştə getməyə meyllidir. Tərəflər hətta hazırda müzakirə olunan çərçivədən bunu əsasən kənarda saxlamağa da razılaşa bilərlər”, - deyə Əzizi bildirb.
Devin də bununla razılaşıb və əsaslandırıb ki, İranın nə vaxtsa uranın zənginləşdirilməsi və nüvə proqramı ilə bağlı kompromisə getməsi ehtimalı olsa da, ballistik raketlər və pilotsuz uçuş aparatları məsələsində bu baş verməyəcək. Tehran ardıcıl olaraq bunların müdafiə silahları olduğunu bildirib və onlardan imtina etməyin ölkəni yeni hücumlar qarşısında daha həssas vəziyyətə salacağını qeyd edib.
“Etimad çatışmazlığını nəzərə alsaq, bu, həddindən artıq böyük risk olardı. Üstəlik, İrandakı sərt xətt tərəfdarları ölkəyə ümumilikdə dəyən zərərə baxmayaraq, qalib gəldiklərini düşünürlər. Bu, tükəndirmə müharibəsidir və onlar daha qətiyyətli olduqlarını, ABŞ-dən daha uzun müddət dözə biləcəklərini düşünürlər”, - deyə Devin bildirib.
Bol da İranın daha geniş nüvə sazişinin bir hissəsi kimi hər hansı raket məhdudiyyətlərinə razılaşacağını düşünmür.
“Şübhəsiz ki, bu, gələcək aylar və illər ərzində ABŞ-İran münasibətlərini narahat etməyə davam edəcək məsələ olacaq. Amma Amerikanın gələcək münaqişə mərhələlərində döyüşmək iradəsinin zəifləməsi fonunda, ABŞ-nin iranlıları güzəştlərə məcbur etmək üçün hərbi gücdən istifadə etməsi üçün bu qədər təcili məsələ olmayacaq.
Və İran artıq göstərib ki, raket proqramı hələ də işlək vəziyyətdə qalmaqla hava kampaniyasından sağ çıxa bilir, bu isə ona əsas müdafiə proqramından imtina etmək üçün daha az stimul verir”, - deyə o qeyd edib.
Sevinc Əliyeva
Ordu.az