Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Məlumata görə, britaniyalı həmkarları ilə görüş zamanı Fidan ikitərəfli münasibətlərin müsbət inkişafından məmnunluğunu ifadə edəcək. Tərəflər mövcud əməkdaşlıq sahələrinin genişləndirilməsi və çoxtərəfli əlaqələrin dərinləşdirilməsi istiqamətində növbəti addımları da müzakirə edəcəklər.
Bundan əlavə, nazir Azad Ticarət Sazişinin yenilənməsi üzrə danışıqların mümkün qədər qısa müddətdə başa çatdırılmasının vacibliyini vurğulayacaq.
Fidan müdafiə sənayesi sahəsində əlaqələrin möhkəmləndirilməsində qətiyyətli olduqlarını bildirəcək. O, həmçinin enerji sektorunda, o cümlədən nüvə və bərpa olunan energetika sahələrində əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətini vurğulayacaq.
Nazirin diqqət mərkəzində Avropa İttifaqı təhlükəsizlik təşəbbüsləri ilə NATO fəaliyyətlərinin uzlaşdırılması da olacaq. O, britaniyalı həmkarları ilə İran-ABŞ danışıqlarının gündəliyini (Pakistan vasitəçiliyi ilə aparılan və hazırda həlledici mərhələdə olan), eləcə də Hörmüz boğazındakı vəziyyəti müzakirə edəcək.
Rusiya-Ukrayna müharibəsinə gəlincə, Fidan Türkiyənin ədalətli və uzunmüddətli sülhə nail olunması üçün diplomatik dəstək göstərməyə hazır olduğunu bir daha təsdiqləyəcək. O, həmçinin Qəzza zolağında atəşkəs prosesini və “iki dövlət” prinsipi əsasında nizamlanma perspektivini pozan İsrail hərəkətlərinə cavab olaraq beynəlxalq ictimaiyyətin vahid və prinsipial mövqe sərgiləməsinin vacibliyini vurğulayacaq.
Sevinc Əliyeva
Ordu.az