Ordu.az xəbər verir ki, “Anubis” dərin zərbə tapşırıqları üçün hazırlanarkən, “Seth-X” sürü hücumları həyata keçirmək üçün hazırlanıb.
Hər iki platforma da Ukraynanın avtonom hücum qabiliyyətlərini genişləndirməyi hədəfləyir.
“Anubis”: Aşağı radara görünmə qabiliyyətli dərin zərbə platforması
Mövcud görüntülərə görə, “Anubis” tutqun qara örtüyə malik aerodinamik gövdə quruluşu ilə diqqət çəkir. Bu dizaynın aşağı vizual və radar izi yaradacaq şəkildə optimallaşdırıldığı qiymətləndirilir.
Platformanın ən diqqətçəkən xüsusiyyəti arxaya doğru daralan delta qanad konfiqurasiyasıdır. Bu quruluş böyük şaquli stabilizator və bucaqlı quyruq səthləri ilə birlikdə uçuş sabitliyini artırır.
“Anubis” yüksək dəyərli hədəflərə nişanalma üçün “Auterion”un süni zəka əsaslı terminal idarəetmə sistemindən istifadə edir. Bu sayədə GPS siqnallarının zəif olduğu və ya tamamilə kəsildiyi mühitlərdə belə tapşırıq yerinə yetirə bilir.
Arxa bölmədə yerləşən açıq tip daxiliyanma mühərriki və iki qanadlı pər, xüsusilə uzunmüddətli uçuş tələb edən dərin zərbə tapşırıqları üçün uyğun konfiqurasiya təqdim edir.
“Seth-X”: Sürü konsepsiyasına uyğun qısa mənzilli zərbə pilotsuz uçuş aparatı
“Seth-X” isə daha kompakt, qısa mənzilli “gəzən sursat” kimi ön plana çıxır. Dörd ədəd düzbucaqlı qanadın mərkəzi gövdədən çarpaz şəkildə uzandığı X-konfiqurasiyası platformanın fərqləndirici xüsusiyyətini təşkil edir.
Daha böyük analoqundan fərqli olaraq, gövdənin şəffaf qoruyucu örtüklə sarıldığı və daxili konstruksiya hissələrinin görünən olduğu diqqət çəkir.
Sistemin səssiz elektrik mühərriki və arxa hissədə yerləşən kiçik pərlə işlədiyi qiymətləndirilir. Yüngül və daşına bilən quruluşu sayəsində piyada bölmələri və yüngül zirehli hədəflərə qarşı sürətli yerləşdirmə imkanı yaradır.
“Seth-X” əlavə olaraq sürü koordinasiyası qabiliyyətinə malikdir. Bu sayədə bir operatorun birdən çox pilotsuz uçuş aparatını eyni anda idarə edərək hədəf bölgəni doyurucu şəkildə təzyiq altında saxlaması mümkün olur.
İstehsal və əməliyyat hədəfləri
“Anubis” və “Seth-X” “Auterion” ilə “Airlogix” ortaq təşəbbüsü çərçivəsində verilən və bir neçə min avtonom hücum platformasını əhatə edən istehsal sifarişinin bir hissəsi olaraq hazırlanır.
Sistemlərin əməliyyat vəziyyətinə gəlməsi ilə birlikdə Ukrayna Silahlı Qüvvələrinin taktiki təhdidləri zərərsizləşdirmə və quru əməliyyatlarını pozma qabiliyyətinin artırılması hədəflənir.
İstehsalın Almaniyada həyata keçiriləcəyi bildirilərkən, bu sifarişin ölkə tarixindəki ən böyük ağır avtonom hücum pilotsuz uçuş aparatı proqramı olduğu qeyd edilir.
Şirkət tərəfindən verilən açıqlamada qeyd edilib: “Bu addım, real döyüş şəraitində effektivliyi sübut olunmuş həllərin miqyaslandırılması və Ukrayna ilə Avropa arasında texnoloji əməkdaşlığın gücləndirilməsi baxımından mühüm mərhələni təmsil edir”.
Sevinc Əliyeva
Ordu.az