Ordu.az xəbər verir ki, açıqlamada dəniz platformaları və sursat təhvillərinə dair son inkişaflara yer verilib.
“Muratreis” sualtı qayığı ilk səfərinə çıxdı
Türkiyə MMN tərəfindən verilən açıqlamada Yeni Tip Sualtı Qayıq Layihəsi çərçivəsində mühüm mərhələnin geridə qaldığı bildirilib. Açıqlamada qeyd edilib: “Liman təchizat fəaliyyətləri tamamlanaraq, 2026-cı il aprelin 17-də mərasimlə Türk bayrağı çəkilən Yeni Tip Sualtı Qayıq Layihəsinin üçüncü sualtı qayığı “Muratreis” aprelin 20-də ilk səfərinə çıxıb”.
Sahil yedək gəmisi layihəsi davam edir
Dəniz Qüvvələri Komandanlığının ehtiyaclarının qarşılanması və əməliyyat səmərəliliyinin artırılması məqsədilə həyata keçirilən yerli və milli sahil yedək gəmisi inşa layihəsində də irəliləyiş əldə edildiyi bildirilib.
Açıqlamada qeyd edilib: “Bu çərçivədə birinci gəmi “Gökırmak” fevralın 23-də, ikinci gəmi “Fırat” martın 24-də, üçüncü gəmi “Dicle” isə aprelin 15-də suya endirilib”.
Layihənin son gəmisi olan Seyhanın inşasının planlaşdırıldığı şəkildə davam etdiyi və yaxın zamanda suya endirilməsinin hədəfləndiyi bildirilib.
MKE-dən sursat təhvili
Türkiyə MMN “Maşın və Kimya Sənayesi AŞ” tərəfindən həyata keçirilən təhvillərə də toxunaraq bildirib: “Həftə ərzində başda nüfuzedici bomba (NEB) olmaqla müxtəlif sayda və çapda silah və sursatın təhvili tamamlanıb”.
Sevinc Əliyeva
Ordu.az