Ermənistanda SZ layihəsi təhlükə mənbəyidir? - Ekspertdən xəbərdarlıq

2026/04/1776842937.jpg
Oxunub: 454     16:38     22 Aprel 2026    
“Ermənistanda süni zəkanın inkişafının energetik riskləri. Ermənistanda süni zəka zavodunun tikintisi layihəsi ilk baxışdan texnoloji tərəqqiyə və regional rəqabət qabiliyyətinin gücləndirilməsinə yönəlmiş addımdır”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi elmlər doktoru, professor Vahe Davtyan yazıb.

“Lakin belə təşəbbüslərə yalnız rəqəmsal iqtisadiyyatın inkişafı məntiqi ilə deyil, həm də energetika sisteminin struktur məhdudiyyətləri kontekstində baxılmalıdır.

Gürcüstanın təcrübəsi bu problemin mahiyyətini göstərir. Qısa müddətdə məlumat və mayninq infrastrukturları ümumi tələbatın 5 faizinə çataraq əhəmiyyətli istehlakçıya çevrilib. Nəticədə tələbatın strukturu dəyişib: mərkəzləşdirilmiş, sabit və yüksək yüklənmə yaradan seqment formalaşıb.

Bu isə öz növbəsində sistemli çatışmazlığa gətirib çıxarıb. 2026-cı ilin əvvəlində Gürcüstanda istehlak 2,7 milyard kVt⋅saatı keçib, halbuki istehsal cəmi 1,9 milyard kVt⋅saat təşkil edib. Çatışmazlıq idxal hesabına aradan qaldırılır. Nəticə isə elektrik enerjisi qiymətlərinin xarici bazarlardan asılılığı və tariflərin artımıdır (bu ilin aprelin 1-dən etibarən onlar 21-33 faiz artıb). Eyni zamanda, yüksək ödəmə qabiliyyətinə malik istehlakçılar olan məlumat mərkəzləri digər istehlakçıları sıxışdıraraq enerjinin daxili bölüşdürülməsi məntiqini yenidən formalaşdırır”, - deyə Davtyan qeyd edib.

O bildirib ki, Ermənistan halında bu risklər daha da artır.

“Energetika sistemi artıq struktur məhdudiyyətlərə malikdir: idxal olunan enerji daşıyıcılarından asılılıq, hidroresursların mövsümiliyi, fəaliyyətdə olan atom elektrik stansiyasının məhdud müddətli resursu.

Gürcüstanın təcrübəsi göstərir ki, texnoloji inkişaf adı altında formalaşan enerji tutumlu sektorlar bütün energetik balansı dəyişə bilər. Bu isə Gürcüstanda Ermənistanda həyata keçirilən layihəyə yaxın gücdə məlumat mərkəzləri olmadığı halda baş verir. NVIDIA şirkətinin vitse-prezidenti Rev Lebaredeanın sözlərinə görə, ilin sonuna qədər 50 min qrafik prosessor olan GPU işə salınanda Ermənistan onların sayına görə Avropanın iri dövlətlərini geridə qoyaraq dünyanın aparıcı beşliyinə daxil olacaq. Növbəti mərhələdə Ermənistanda daha 60 min GPU cəmlənməsi və onların ümumi sayının 110 minə çatdırılması nəzərdə tutulur”, - deyə Davtyan vurğulayıb.

O bildirib ki, buna görə də Ermənistan üçün əsas məsələ məlumat mərkəzinin tikintisi deyil, onun hansı energetik baza üzərində işləyəcəyidir.

“Nəticə aydındır. Əgər Ermənistan süni zəkanı inkişaf etdirmək və belə miqyaslı rəqəmsal infrastruktur formalaşdırmaq niyyətindədirsə, əvvəlcədən sabit generasiya gücləri təmin edilməlidir. Günəş generasiyası bunu apriori təmin etməyə qadir deyil. Bu məntiq çərçivəsində yeni ənənəvi güclərə malik atom enerji blokunun tikintisi həm energetik təhlükəsizlik, həm də texnoloji inkişaf baxımından sistemli zərurətə çevrilir”, - deyə Davtyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Davtyan  


Bizi "telegram"da izləyin