Ordu.az xəbər verir ki, ROKETSAN və Malayziyanın “Mildef” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
Bu sazişlə ROKETSAN istehsalı tank əleyhinə sistemlər “Mildef”in taktiki vasitə platformalarına inteqrasiya ediləcək. Bu çərçivədə müqavilənin imzalandığı DSA 2026 sərgisində Malayziya ordusu üçün sifariş edilən “Tarantula” HMAV 4X4 zirehli vasitəsi ROKETSAN tərəfindən hazırlanan Uzaqdan İdarə Edilən Silah Sistemi (UİESS) ilə nümayiş etdirilir. Qüllənin üzərində L-OMTAS tank əleyhinə raketi də yer alır.
“Tarantula” HMAV 4X4
“Mildef” tərəfindən hazırlanan “Tarantula” HMAV 4X4 Birləşmiş Millətlər Təşkilatının aktual standart və texniki tələblərinə uyğun olaraq istehsal edilib. Tam zirehli quruluşa malik vasitədə arxa qapıda yerləşən hidravlik sistem istifadə rahatlığı yaradır, inteqrasiya olunmuş rampa sayəsində heyətin vasitəyə təhlükəsiz minib-enməsi mümkün olur.
Vasitədə istifadə olunan UİESS silah operatorunun vasitənin içərisindən tapşırıq icra etməsinə imkan verərək şəxsi heyətin təhlükəsizliyini ən yüksək səviyyəyə çatdırır. Bu çərçivədə vasitənin üzərinə fərqli UİESS sistemləri quraşdırıla bilir. Sözügedən vasitədə ASELSAN istehsalı SARP qüllələrinin də istifadə olunacağı məlumdur.
TARANTULA modelində üstünlük verilən “Caterpillar” mühərriki yüksək dayanıqlıq və performans xüsusiyyətləri ilə önə çıxır, vasitə NATO-nun STANAG 4569 standartına uyğun olaraq kvalifikasiya edilib. Kompozit zireh quruluşu sayəsində STANAG 4569 “Səviyyə 2” ballistik və artilleriya qoruması təqdim edən vasitədə əlavə olaraq “Səviyyə 2B” mina alt gövdə qoruması və “Səviyyə 2A” gövdə qoruması mövcuddur. Mina partlayışlarının təsirini azaltmağa yönəlmiş xüsusi oturacaq sistemləri ilə təchiz edilən TARANTULA 25 HP/ton güc-ağırlıq nisbətinə malikdir və saatda 110 kilometr maksimal sürətə çata bilir.
Malayziya yerli olaraq hazırlanan “Tarantula” zirehli vasitələrini 2027-ci ildən etibarən Malayziya Silahlı Qüvvələrinin inventarına daxil etməyi planlaşdırır. “Defence Security Asia” tərəfindən yayılan xəbərə görə, 5 illik proqram çərçivəsində ümumilikdə 136 ədəd Tarantula təhvil veriləcək, ilk 60 vasitəlik partiya isə 2027-ci ilin əvvəlində xidmətə girəcək.
Sevinc Əliyeva
Ordu.az