Ordu.az xəbər verir ki, bunu bu gün jurnalistlərlə görüş zamanı Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan bildirib.
O izah edib ki, bu formatda görüşlər adətən əvvəlcə Avropa ölkəsində, daha sonra isə Avropa İttifaqına üzv olmayan ölkədə keçirilir. Lakin erməni müxalif siyasətçi hesab edir ki, Ermənistan bu prinsipə görə seçilməyib. “Onlar məhz bu günlərdə gəlmək qərarına gəliblər ki, Ermənistanın xəyanətkar rejiminə dəstəklərini göstərsinlər. Bu, Avropa Siyasi Birliyinin İrəvandakı əsas mesajıdır və bu, qəbuledilməzdir”, - deyə erməni müxalif siyasətçi bildirib.
Aşotyan müqayisə də aparıb: “Avropa ictimaiyyətinin başqa ölkələri, məsələn Rusiyanı Moldovadakı seçkilərə müdaxiləyə görə, yaxud Türkiyəni Balkan ölkələrindəki seçkilərə “müdaxiləyə” görə tənqid etdiyi şeyləri onlar Ermənistanda özləri edirlər”, - deyə Ermənistan Respublikaçılar Partiyasının sədr müavini izah edib.
Onun sözlərinə görə, problem sammitin formatında deyil, onun vaxtında və nəzərdə tutulan məqsədlərindədir. Erməni müxalif siyasətçi vurğulayıb ki, baş nazir Nikol Paşinyan tədbirdən daxili siyasi maraqları üçün istifadə etməyə çalışır və bunu ölkədə davam edən seçki prosesləri ilə əlaqələndirir.
“Nikol Paşinyan bu sammiti öz seçki bayramına, öz seçki məclisinə çevirməyə çalışacaq. Aydındır ki, Paşinyan təhlükəsizlik tədbirlərini gücləndirməklə yanaşı, təxminən 40 ölkənin nümayəndəsi olan Avropa liderlərinin Ermənistandan və erməni xalqından təcrid olunması üçün hər şeyi edəcək”, - deyə Aşotyan vurğulayıb.
Ermənistan Respublikaçılar Partiyasının sədr müavini qeyd edib ki, sammitin artıq öz loqosu var və orada iki dairə təsvir olunub. Daha sonra o, Ermənistan Respublikaçılar Partiyası tərəfindən hazırlanmış variantı təqdim edib, burada həmin dairələr qandal şəklində göstərilib. “Biz ona daha səmimi görünüş verdik, çünki Ermənistanda bunlar sadəcə dairə deyil, zəncirlərdir. Onlar bura demokratiyanı təşviq etməyə yox, riyakarlığı təşviq etməyə gəlirlər. Çağırışımız budur: riyakarlığı dayandırın və demokratiyanı qoruyun”, - deyə Aşotyan sözlərini yekunlaşdırıb.
Xatırladaq ki, Avropa Siyasi Birliyinin 8-ci sammiti 2026-cı il mayın 4-də İrəvanda keçiriləcək. Ermənistan-Avropa İttifaqı ilk sammitinin də 2026-cı il mayın 4-5-də keçirilməsi nəzərdə tutulur.
Ermənistanda parlament seçkilərinin rəsmi təşviqat kampaniyası 2026-cı il mayın 8-də başlayır.
Alpər Mövludoğlu
Ordu.az