Ordu.az xəbər verir ki, Türkiyə Hərbi Dəniz Qüvvələri komandanı admiral Ercüment Tatlıoğlu Cənub Egey dənizində icra edilən KURTARAN-2026 Sualtı Qayıq Axtarış Xilasetmə Dəvət Təlimi çərçivəsində AA müxbirinə verdiyi açıqlamada Türkiyə Hərbi Dəniz Qüvvələrinin ölkənin geostrateji mövqeyi səbəbindən çox güclü donanmaya malik olduğunu deyib.
Gəmiqayırma zavodlarında intensiv istehsal və sualtı qayıq gücü
Gəmiqayırma zavodlarında 41 hərbi gəminin inşasının eyni vaxtda davam etdiyini, bu sayın yaxın gələcəkdə 50-yə çatacağını bildirən Tatlıoğlu qeyd edib: “Bunlardan biri də milli və yerli sualtı qayığımız “Atılay”dır. Türkiyə Hərbi Dəniz Qüvvələrinin çox güclü sualtı qayıq parkı var. Parkımızda 12 sualtı qayığımız var, əlavə olaraq bir də təlim sualtı qayığımız var. Bu gün etibarilə ilk dəfə üzüşə çıxan “Reis” sinfinə məxsus sualtı qayığımız “Murat Reis” var. 3 sualtı qayığımız da inşa mərhələsindədir. Güclü sualtı qayıq parkımız olduğu üçün bu qayıqlarımızın başına qəza gəldikdə həmin sualtı qayığı və içindəki şəxsi heyəti xilas etmək üçün yenə çox güclü Sualtı Hərəkat Komandanlığımız var”.
Sualtı qayıq xilasetmə qabiliyyəti və təlimlər
Türkiyənin milli və yerli gəmiləri “Alemdar”, “Işın”, “Akın” vasitəsilə səthə çıxma qabiliyyətini itirmiş, yəni batmış sualtı qayıqların və oradakı şəxsi heyətin necə xilas ediləcəyinə dair bu cür təlimlərin keçirildiyini vurğulayan Tatlıoğlu dost və müttəfiq ölkələrin şəxsi heyətinin iştirakı ilə də bu təlimlərin həyata keçirildiyini bildirib.
Milli aviadaşıyıcı və yerli sistemlər
Türkiyənin sualtı qayıq və sualtı qayıq heyətinin xilas edilməsi sahəsində NATO daxilində ön sıralarda yer aldığını bildirən Tatlıoğlu sözlərini belə davam etdirib:
“Bu bölgədə xidmət edən yalnız milli sualtı qayıqlarımızı deyil, dost və müttəfiq bütün ölkələrin sualtı qayıq və şəxsi heyətini xilas etməyə qadirik. Türkiyə Hərbi Dəniz Qüvvələri heç kimi geridə qoymaz. Bildiyiniz kimi milli freqatımızı hazırladıq. “İstif” sinfinə məxsus freqatımız ‘İstanbul’dur. Milli korvetlərimizi hazırladıq, milli mina axtaran gəmilərimizi, milli hücum katerlərimizi, milli desant gəmilərimizi hazırladıq. Hazırda milli aviadaşıyıcımızı hazırlayırıq. Milli aviadaşıyıcımızın inşa prosesi çox yaxşı gedir. İnşallah planlaşdırdığımız kimi gedərsə, gələn il suya endirib dənizdəki fəaliyyətinə davam etdirməyi planlaşdırırıq. Milli sualtı qayığımızın da inşası çox yaxşı gedir və yalnız platforma olaraq deyil, eyni zamanda həmin platformalarda istifadə edəcəyimiz milli idarəolunan raketimizi , “Atmaca”nı hazırladıq. Milli torpedomuz “Akya”nı hazırladıq. Milli minamızı, ilk dəfə türk minasını, “Malaman” minasını hazırladıq. Həm platforma hazırlayırıq, həm də bu platformalarda istifadə edəcəyimiz milli və yerli idarəolunan raketlərimizi, roketlərimizi, torpidolarımızı hazırlayırıq”.
Gəmiqayırma zavodları və süni zəka transformasiyası
Tatlıoğlu Türkiyə Hərbi Dəniz Qüvvələrinin regional güc olmaqdan əlavə, dünya donanmaları içərisində həm milli gəmi istehsalı, həm də milli silah və sistem istehsalı sahəsində ön sıralarda yer aldığını bildirib.
Türkiyə Hərbi Dəniz Qüvvələrinin texnoloji transformasiyasına də toxunan Tatlıoğlu əvvəllər “Gölcük”, “İstanbul” və “İzmir” gəmiqayırma zavodlarının olduğunu, son dövrdə “Mersin” və “Aksaz” gəmiqayırma zavodları ilə bu sayın 5-ə çatdırıldığını vurğulayıb.
Hərbi gəmiqayırma zavodlarının hərbi gəmi istehsalına davam etdiyini diqqətə çatdıran Tatlıoğlu deyib: “Bununla yanaşı layihə dizayn ofisimizi və süni zəka mərkəzimizi çox böyütdük. “Texnologiyanı gəmilərimizdə ən yaxşı necə tətbiq edərik?” düşüncəsi ilə bu səviyyəyə gəldik. Artıq süni zəka ilə idarə edə bildiyimiz ağıllı gəmi dizaynına keçdik və bu mövzuda Dəniz Qüvvələri olaraq çox yaxşı vəziyyətdəyik”.
Sevinc Əliyeva
Ordu.az