Ordu.az xəbər verir ki, dünyanın aparıcı dənizçilik və müdafiə şirkətləri ABŞ-nin Merilend ştatındakı “National Harbor”da keçirilən “Sea-Air-Space 2026” sərgisində bir araya gəlib.
Müdafiə texnologiyalarındakı son inkişafların və aktual strateji proseslərin müzakirə olunduğu tədbirdə yüksələn startaplardan “Fortune 500” şirkətlərinə qədər dənizçilik və müdafiə sahəsində fəaliyyət göstərən yüzlərlə firma məhsul və xidmətlərini nümayiş etdirib.
GİSBİR-dən ABŞ bazarına açılım
Türkiyə Gəmiqayırma Sənayeçiləri Birliyi (GİSBİR) də “Intel Marine” şirkəti və sektor tərəfdaşları ilə sərgidə yer alaraq Türkiyənin gəmiqayırma sektorunun gücünü və texnoloji imkanlarını tanıdıb.
GİSBİR-dən verilən açıqlamada, ABŞ bazarına təqdim olunan strateji əməkdaşlıq modeli ilə dənizçilik sektorundakı güc ehtiyacına köklü həllər gətirilməsinin hədəfləndiyi bildirilib.
Strateji əməkdaşlıq və buzqıran tenderi
ABŞ dənizçilik sektorunda yaşanan yüklənmə və infrastruktur ehtiyacına qarşı Türkiyənin qlobal miqyaslı istehsal imkanlarına diqqət çəkilən açıqlamada Türkiyənin gəmiqayırma və təmir sahəsindəki yüksək standartlarını ABŞ bazarına daşıyan bu model ilə iki ölkə arasındakı ticari və strateji əlaqələrin daha yüksək səviyyəyə çıxarılmasının məqsəd qoyulduğu qeyd edilib.
Açıqlamada ABŞ-nin “Intel Marine” şirkəti ilə əməkdaşlıq edilərək Türkiyənin bəzi gəmiqayırma zavodları tərəfindən ABŞ Sahil Mühafizəsinin (USCG) ehtiyacları doğrultusunda açılan yüngül və orta sinfə məxsus buzqıran tenderi üçün rəsmi təklif prosesinin başladıldığı bildirilib.
Həmçinin açıqlamada hazırlanmış üçtərəfli strateji iş modelində Finlandiya mühəndislik şirkətlərinin buz sinfə məxsus gəmilərdəki qabaqcıl texnologiya təcrübəsinin, Türkiyənin gəmiqayırma zavodlarının tikinti proseslərindəki sürət və səmərəliliyinin, ABŞ-nin əməliyyat tələblərini qarşılayacaq zavod infrastrukturu ilə birləşdirilməsinin hədəfləndiyi çatdırılıb.
Sektor nümayəndələrindən qiymətləndirmələr
GİSBİR baş katibi Mehtap Özdemir AA müxbirinə açıqlamasında birlik olaraq ilk dəfə “Sea-Air-Space” sərgisində iştirak etdiklərini deyib.
ABŞ-nin gəmiqayırma sahəsində uzun illərdir qoruyucu siyasət yürütdüyünü xatırladan Özdemir ABŞ prezidenti Donald Tramp administrasiyasının gəmiqayırmaya xüsusi maraq göstərməsi ilə sektorun əməkdaşlıqlara daha açıq hala gəldiyini bildirib.
Özdemir deyib: “Bu mənada biz də burada Türkiyə gəmiqayırmasının gücünü göstərmək istədik”.
Türkiyənin 85 aktiv gəmiqayırma zavodu ilə həm ticari, həm də hərbi sahədə güclü istehsal infrastrukturuna malik olduğunu vurğulayan Özdemir, bu bilik və təcrübəni dünyanın müxtəlif ölkələrindəki tərəfdaşlarla əməkdaşlıq edərək inkişaf etdirmək istədiklərini ifadə edib.
GİSBİR Amerika nümayəndəsi və “Intel Marine” şirkətinin qurucusu Pirs Vanlı da Amerika gəmi sənayesindəki ehtiyacları qarşılamağı, ABŞ-dəki layihələri izləyərək Türkiyədəki gəmiqayırma zavodlarına yönləndirməyi hədəflədiklərini bildirib.
Vanlı ABŞ Sahil Mühafizəsinin ehtiyac duyduğu yüngül və orta sinfə məxsus buzqıran gəmi layihələrinin dizayn və istehsal proseslərində Türkiyənin gəmiqayırma zavodlarının yer almasını təmin etməyi məqsəd qoyduqlarını qeyd edib.
Sevinc Əliyeva
Ordu.az