ABŞ A-10 təyyarələrinin istismardan çıxarılmasını 2030-cu ilə təxirə saldı

2026/04/1776762230.jpg
Oxunub: 401     12:48     21 Aprel 2026    
ABŞ Hərbi Hava Qüvvələri uzun müddətdir inventardan çıxarılması planlaşdırılan A-10 “Thunderbolt II” hücum təyyarələrinin xidmət müddətini ən azı 2030-cu ilə qədər uzatmaq qərarı verib.

Ordu.az xəbər verir ki, qərar platformanın xüsusilə Yaxın Şərqdəki aktiv əməliyyatlarda oynadığı rolun davam etməsi səbəbindən qəbul edilib.

Operativ ehtiyac planları dəyişdi

ABŞ Hərbi Hava Qüvvələrinin katibi Troy Meink bildirib ki, qərar müharibə naziri Pit Heqset ilə aparılan qiymətləndirmələr nəticəsində qəbul olunub. O qeyd edib: “Bu qərar müdafiə sənayesinin istehsal gücü artırılarkən mövcud döyüş qabiliyyətinin qorunmasını təmin edir”. Meink həmçinin proseslə bağlı yeni inkişafların da gündəmə gələ biləcəyini vurğulayıb.

A-10-ların istismardan çıxarma planının təxirə salınması sahədəki operativ tələblərin mövcud strateji planlamanı qabaqladığını göstərir.

A-10 sahədə aktiv xidmətdədir

A-10 “Thunderbolt II” ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasinda intensiv şəkildə xidmət etməyə davam edir. Platforma İraqda İran dəstəkli milis qüvvələrinə qarşı aparılan əməliyyatlarda və Hörmüz boğazında İrana məxsus silahlı qüvvələrə qarşı icra edilən tapşırıqlarda aktiv rol alıb.

Bununla yanaşı, qəzaya uğramış F-15E təyyarəsinə aid heyətin xilasetmə əməliyyatında da yaxın hava dəstəyi göstərib. Həmin tapşırıq zamanı bir A-10-un ağır zərər aldığı, pilotun dost hava məkanına çatdıqdan sonra təyyarəni tərk etdiyi bildirilib.

Bölgədə yerləşdirmə artırıldı

ABŞ Hərbi Hava Qüvvələri A-10 platformalarının Yaxın Şərqdəki mövcudluğunu artırıb. 2023-cü ildən bəri fasiləsiz xidmət edən təyyarələrin sayı son dövrdə iki dəfə artırılıb.

Platformalar eyni zamanda DEAŞ-a qarşı aparılan əməliyyatlarda da aktiv şəkildə istifadə olunmağa davam edir.

Modernizasiya planları davam edir

A-10-un xidmət müddətinin uzadılması ABŞ-nin modernizasiya hədəflərindən imtina etdiyi anlamına gəlmir. Hərbi Hava Qüvvələri başda F-35A “Lightning II” olmaqla yeni nəsil platformalara yatırım etməyə davam edir.

Bu çərçivədə 2027-ci maliyyə ili üçün 38 ədəd F-35A tədarükü planlaşdırılır, F-15EX “Eagle II”, B-21 “Raider” və altıncı nəsil F-47 layihələri də gələcəyin hava gücü quruluşunun əsas ünsürləri arasında yer alır.

İnventar və məhdudiyyətlər

2026-cı maliyyə ili etibarilə ABŞ Hərbi Hava Qüvvələrinin inventarında 162 ədəd A-10 təyyarəsi mövcuddur. Lakin bu say 2024-cü ildən bəri mərhələli şəkildə azaldılıb.

ABŞ Konqresi cari maliyyə ili sonuna qədər ən azı 103 təyyarənin inventarda saxlanılmasını şərt qoyur. Buna baxmayaraq, yeni pilot hazırlığının dayandırılması və texniki xidmət fəaliyyətlərinin azaldılması platformanın uzunmüddətli perspektivdə xidmətdən çıxarılmasının planlaşdırıldığını göstərir.

“Warthog” vəzifəsinə davam edir

30 mm-lik GAU-8/A topu ilə tanınan və “Warthog” adlandırılan A-10 dəqiq idarəolunan sursat və raket qabiliyyətləri ilə sahədəki effektivliyini davam etdirir.

ABŞ müharibə naziri Pit Heqset isə qərarla bağlı qiymətləndirməsində “Warthog” uzun yaşasın” ifadələrini işlədərək platformanın əhəmiyyətinə diqqət çəkib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   A-10   2030  


Bizi "telegram"da izləyin