TSQ və ASFAT CN235 təcrübəsini İndoneziya və Seneqal ilə bölüşür

2026/04/1776758262.jpg
Oxunub: 567     11:56     21 Aprel 2026    
Türkiyə Silahlı Qüvvələrinin inventarında 25 ildir istifadə olunan CN235 təyyarələri ilə bağlı təcrübə təlim sahəsində İndoneziya ilə bölüşülür.

Ordu.az xəbər verir ki, ASFAT isə Seneqala məxsus CN235 təyyarəsinin texniki xidmətini Kayseridə həyata keçirir.

İndoneziya Hərbi Dəniz Qüvvələrinin pilotları simulyator təlimi üçün Ankaraya gəlib. HAVELSAN tərəfindən istehsal olunan simulyatorla pilot təlimi keçirilib.

Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada bunlar bildirilib:

“Hərbi təlim əməkdaşlığımız ilə əlaqələrimizi gücləndirməyə davam edirik.

Hərbi Hava Qüvvələri Komandanlığımıza bağlı 11-ci Hava Nəqliyyatı Əsas Baza Komandanlığında dost və müttəfiq ölkə İndoneziya Hərbi Dəniz Qüvvələrinə mənsub pilotlara “Yerüstü dərs və simulyator yeniləmə təlimi” verildi.

Təlimi uğurla başa vuran qonaq heyətə sertifikatları təqdim olundu”.

Türkiyə Hərbi Hava Qüvvələrinin yüngül nəqliyyat təyyarəsi kimi seçdiyi, o dövrdə İspaniya/İndoneziya ortaq layihəsi kimi hazırlanıb inkişaf etdirilən CN235 təyyarələrindən ümumilikdə 52 ədəd satın alınıb. Təyyarələrin ikisi hazır şəkildə gətirilib, qalan 50 ədədi isə TUSAŞ tərkibində istehsal olunub.

Daha sonra 6 ədəd Türkiyə Hərbi Dəniz Qüvvələri üçün dəniz patrul təyyarəsi, 3 ədəd isə Sahil Mühafizə Komandanlığı üçün istehsal olunaraq təyyarələrin təhvili tamamlanıb.

TUSAŞ, həmçinin ABŞ Sahil Mühafizə Komandanlığı da daxil olmaqla bir çox ölkə üçün CN235 gövdəsinin istehsalını uzun illər davam etdirib. Bu gövdələr İspaniyadakı “Airbus” müəssisələrinə göndərilib.

CN235 təyyarələrinin simulyatorları isə HAVELSAN tərəfindən hazırlanıb və istehsal olunub. Həmin dövrdə F-5 2000 və F-4E 2020 simulyatorlarından sonra CN235, HAVELSAN-ın “Level D” adlandırılan ilk ən qabaqcıl simulyatoru olub.

İlk simulyator Türk Hərbi Hava Qüvvələrinin Ankara Etimesqutdakı 11-ci Əsas Nəqliyyat Baza Komandanlığına verilib. Hazırda bu simulyator Türkiyə Hərbi Hava Qüvvələri ilə yanaşı, Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizə tərəfindən də uğurla istifadə olunur.

Simulyator vasitəsilə Türkiyənin ikitərəfli sazişləri çərçivəsində dost və müttəfiq ölkələrə də təlim xidməti göstərilir. Son olaraq 2000-ci ildə İndoneziya pilotları Türkiyəyə gələrək simulyator təlimi almışdı. Türk Hərbi Hava Qüvvələrinin müəssisələrində daha əvvəl də 8 ölkəyə simulyator üzrə təlim verilib.

ASFAT-dan CN235-lərə texniki xidmət

ASFAT (Hərbi Fabrik və Gəmiqayırma Zavodu İdarəetmə A.Ş.) CN-235 təyyarələrinin zavod səviyyəli əsaslı texniki xidməti sahəsində mühüm infrastruktur imkanına malikdir. Kayseri 2-ci Hava Texniki Xidmət Zavodu Müdirliyində uzun illərdir təyyarələrin texniki xidməti həyata keçirilir. Kayseridəki müasir obyektlər TUSAŞ üçün də CN235 hissələri istehsal edib.

Bu beynəlxalq imkanların tanıdılması sahəsində ASFAT müxtəlif xarici sərgilərdə iştirak edərək müəssisələri təqdim edir. Bu istiqamətdə ilk xarici ölkə Seneqal olub.

2026-cı ilin əvvəlində ASFAT Seneqal Hərbi Hava Qüvvələrinə məxsus bir CN-235 təyyarəsinin texniki xidmət və təmirini üzərinə götürüb. Təyyarə müqavilə çərçivəsində Kayseriyə gətirilib və texniki işlər burada aparılır. Seneqalın C235 parkı həm hərbi nəqliyyat, həm də dəniz patrul məqsədilə istifadə olunur. Uzun müddətdir Türkiyə Silahlı Qüvvələri ilə Seneqal Silahlı Qüvvələri arasında əməkdaşlıq həyata keçirilir. Bu il ərzində Türk Hərbi Dəniz Qüvvələri CN235 dəniz patrul təyyarələri üçün ortaq uçuş və tapşırıq təlimlərini Seneqala vermişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TSQ   ASFAT   CN235  


Bizi "telegram"da izləyin