“Past”: Gümrü Paşinyanı yenidən rədd etdi

2026/04/1776257913.jpg
Oxunub: 563     09:28     21 Aprel 2026    
“Ötən bazar Nikol Paşinyan Gümrünün Vardanants meydanında “sənət və peşələr şəhəri”ni özünün “Varçabend” adlandırdığı çıxışı ilə təəccübləndirmək qərarına gəlmişdi”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Gümrü Paşinyanı yenidən rədd etdi” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, uzun müddətdir onu rədd etmiş Gümrüdə hansısa təəssürat yaratmaq üçün nə qədər fəal “Vətəndaş Müqaviləsi” üzvü var idisə, müxtəlif bölgələrdən səfərbər etmişdi.

“Üstəlik, partiya rəsmiləri, hüquq-mühafizə sisteminin yüzlərlə nümayəndəsi də bir avtomobil karvanı yaradaraq Gümrüyə getmişdi.

Amma bu da kömək etmədi. İnsanlar həmin “baş nazir konserti”nin kadrlarına baxır, böyüdücü şüşə ilə tamaşaçılar arasında gümrülüləri tapmağa çalışırdılar. Var idi, amma çox az idi. Əsasən ekranda görünən və çox da tanınmayan, gətirilmiş “Vətəndaş Müqaviləsi” üzvləri idi.

Yeri gəlmişkən, çoxları qeyd etdi ki, ötən ilin oktyabrında “Şəhər Günü” münasibətilə xeyriyyəçi Samvel Karapetyanın himayəsi ilə Gümrünün mərkəzi meydanında təşkil olunan konsert müqayisə olunmayacaq dərəcədə izdihamlı idi. Bu, gətirilmiş yox, real izdiham idi”, - deyə müəllif qeyd edib.

Nəşr bildirib ki, Paşinyanın “konsertində” isə yalnız özü ilə gətirdiyi bir neçə yüz “qastrolçu”, üstəgəl yerli fəallardan bir neçə on nəfər var idi.

“Bir sözlə, gümrülülər Nikol Paşinyanı yenidən rədd etdilər. O və onun “Vətəndaş Müqaviləsi” partiyası növbəti dəfə Gümrüdə məğlub oldular və dərin məyusluqlarını gizlədə bilmədən yenə də paytaxt İrəvana əliboş qayıtmağa məcbur oldular”, - deyə “Past” vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Gümrü  


Bizi "telegram"da izləyin