Ermənistanda yeni zavodlar olmadan rəqəmsal “şou”: investisiyalar hara gedir?

2026/04/1776672190.jpg
Oxunub: 354     11:19     21 Aprel 2026    
“Bu günlərdə iqtisadiyyat naziri növbəti “dünyanı silkələyən” paylaşım etmişdi. Bu dəfə investisiyaların görünməmiş artımı ilə bağlı idi. O, elə təəssürat yaratmağa çalışmışdı ki, guya investisiyalar artıq Ermənistanı bürüyüb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Yeni zavodlar olmadan rəqəmsal “şou”: investisiyalar hara gedir?” başlıqlı məqaləsində yazıb.

“2025-ci ildə 2024-cü illə müqayisədə Ermənistanda ümumi investisiyalar 88 faiz, birbaşa investisiyalar isə 3,6 dəfə artıb”, - deyə Ermənistanın iqtisadiyyat naziri yazmışdı.

Nəşr qeyd edib ki, əlbəttə, o, sakinlərə “qayğı göstərərək” investisiyaların konkret rəqəmlərini açıqlamamışdı.

“Əks halda, bəlkə də elə insanlar tapılardı ki, soruşardılar: əgər bu qədər investisiya edilibsə, onların nəticələri iqtisadiyyatda görünmürsə, bəs bu investisiyalar hara gedib?

Kim deyə bilər ki, məsələn, əgər bu qədər investisiya qoyulubsa, ötən il Ermənistanda neçə zavod və istehsal müəssisəsi açılıb?

Rəsmi məlumatlara görə, ötən il Ermənistanda 2,2 milyard dollardan çox investisiya qoyulub. Lakin iqtisadiyyata baxanda bu investisiyalar görünmür. Məlum deyil ki, onlar hara gedib. Hətta adi bir uşaq bağçasının açılışını belə qaçırmayan Nikol Paşinyan, hər şeyi şouya çevirən Paşinyan ötən il bu qədər investisiyadan sonra neçə zavod və istehsal müəssisəsi açıb?

Artıq illərdir Ermənistanda yeni zavodlar və istehsal müəssisələri demək olar ki, açılmır. İllər əvvəl bir neçəsini açdılar, sonra gördük onların aqibəti necə oldu. Necə açılmışdılarsa, qısa müddət sonra elə də bağlandılar”, - deyə müəllif yazıb.

Nəşrin məlumatına görə, vəziyyət o həddə çatıb ki, arada-bir rast gəlinən investisiya layihələrini də davamlı şəkildə yeniləyir, yenidən təqdim edirlər ki, guya iqtisadiyyata investisiya yatırılır.

“Yəqin çoxları xatırlayır ki, yaxınlarda iqtisadiyyat naziri illər əvvəl başlamış şirniyyat fabriki tikintisini necə yenilik kimi cəmiyyətə təqdim etməyə çalışırdı. Bildirirdi ki, Ermənistanda regionun ən böyük şokolad fabriki tikilir. 145 milyon avro investisiya qoyulacaq, 2 min iş yeri açılacaq. Sonra məlum oldu ki, söhbət məhz 3 il əvvəl iqtisadiyyatın artıq keçmiş naziri Vahan Kerobyanın elan etdiyi həmin zavoddan gedir.

Ermənistanın real iqtisadiyyatına çox cüzi investisiya qoyulması çoxdan yenilik deyil. Elə buna görə də yeni istehsal müəssisələri və zavodlar demək olar ki, açılmır. Ötən il də eyni vəziyyət olub. Elə buna görə iqtisadiyyat naziri “təsadüfən” real iqtisadiyyata nə qədər investisiya qoyulduğunu açıqlamayıb.

Ötən ilin tamamı ərzində iqtisadiyyatın real sektorunda həyata keçirilən xarici investisiyaların xalis axını cəmi 34 milyard dram təşkil edib. Bunu valyutaya çevirsək, cəmi 89 milyon dollar edir. Birbaşa investisiyaların xalis axını isə 93 milyard dram və ya 244 milyon dollar olub”, - deyə nəşr bildirib.

Müəllif qeyd edib ki, bunlar real iqtisadiyyat üçün çox kiçik məbləğlərdir.

“Ümumi investisiyaların nə qədər olduğu və ya nə qədər artdığı isə heç bir əhəmiyyət daşımır. Üstəlik, onların demək olar ki, yarısı investisiyalara daxil edilmiş kreditlərdir.

Əgər həqiqətən milyardlarla investisiya olubsa, nəticələr belə olacaqsa, bunun kimə xeyri var? Bundan sənaye və ya kənd təsərrüfatı yaxşılaşıbmı? Ötən ilin demək olar ki, bütün dövründə sənaye geriləmə ilə gedirdi, yalnız ilin sonunda Rusiya qızılının reeksportu köməyə çatdı və sənaye geriləmədən çıxdı, bir neçə faiz də artım göstərdi. Amma bununla təbii ki, nə sənayenin, nə də iqtisadiyyatın vəziyyəti yaxşılaşdı. O, əvvəl necə həssas idisə, yenə də elə həssas qaldı.

İnvestisiyalar baxımından əsas məsələ real iqtisadiyyatdır. Gördüyümüz kimi, oraya çox az investisiya qoyulub və qoyulur. 2024-cü ildə real iqtisadiyyatda hətta xarici birbaşa investisiyaların çıxışı da baş verib. Xalis axın 120 milyon dollardan çox azalıb. Məhz bunun fonunda ötən il investisiyaların xalis axınında müəyyən artım qeydə alınıb”, - deyə müəllif yazıb.

Nəşr vurğulayıb ki, xarici birbaşa investisiyaların ümumi təmiz ehtiyatları bu gün Ermənistanda hətta 3 il əvvəlkindən də azdır.

“Rəsmi məlumatlara görə, 2023-cü ildə bu göstərici 2 trilyon 139 milyard dram idisə, ötən il 2 trilyon 85 milyard dram olub. Yəni 54 milyard azalıb.

Məhz investisiyaların yoxluğu səbəbindən Ermənistanda real iqtisadiyyatın vəziyyəti belədir, keyfiyyət dəyişiklikləri yoxdur. Əksinə, real iqtisadiyyatın keyfiyyəti getdikcə pisləşir. Ermənistanın bugünkü iqtisadiyyatının strukturu illər əvvəlkindən daha pisdir. Real iqtisadiyyatın payı azalır. Emal sənayesinin ÜDM-də payı cəmi 11 faizdir. İllər əvvəl 12 faizi keçirdi. Yaxşılaşmaq əvəzinə pisləşib, halbuki əvvəlki seçkilər zamanı emal sənayesinin payını 15 faizə çatdıracaqlarını vəd etmişdilər.

Eyni vəziyyət kənd təsərrüfatında da müşahidə olunur: 13-14 faizdən kənd təsərrüfatının payı 7-8 faizə düşüb. Bu vəziyyət ondan qaynaqlanır ki, real iqtisadiyyata demək olar ki, investisiya qoyulmur və ya çox az qoyulur. Bəzən isə investisiyalar ölkədən çıxır, çünki özlərini təhlükəsiz hiss etmirlər.

Real iqtisadiyyat xarici investorları cəlb etmir. Xüsusilə də siyasi hakimiyyət son illərdə birbaşa biznes işlərinə qarışır, biznes fəaliyyətinə maneələr yaradır, naməlum yollarla ianələr alır, pay sahibi olur, iri investordan biznesi alır.

Bütün bunlar sübut edir ki, Ermənistanda investorlar müdafiəsizdir, investisiyaların qorunması üçün hüquqi mexanizmlər işləmir və ya seçmə qaydada işləyir. Belə hallar biznes və investorlar üçün yolverilməzdir. Elə buna görə real iqtisadiyyata birbaşa investisiyalar çox az yatırılır. Olanlar da əsasən fəaliyyət göstərən bizneslərə qoyulur. O da əsasən eyni sahələrdə, yeraltı sərvətlərin istismarı, energetika, hava nəqliyyatı sahələrində olur. Digər sahələrdə isə demək olar ki, investisiya yoxdur və ya çox cüzidir”, - deyə məqalədə bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İqtisadiyyat  


Bizi "telegram"da izləyin