Paşinyan ordudakı itkilər barədə: “Orduda kameranın qarşısında baş vermiş intihar hadisəsi var”

2026/04/1775750594.jpg
Oxunub: 485     13:14     18 Aprel 2026    
“Məndə belə qənaət var ki, bu, uşaq bağçasından başlayaraq bizim təhsil sistemimizlə bağlıdır”.

Ordu.az xəbər verir ki, bunu bu gün hökumət iclasından sonra jurnalistlərlə brifinqdə Ermənistan baş naziri Nikol Paşinyan bu il yanvarın 14-də, fevralın 26-da, aprelin 2-də və aprelin 14-də orduda sülh şəraitində ölümlərin qeydə alınmasına münasibət bildirərkən deyib.

“Mən qeyd olunan hadisələrdən sonra bir neçə dəfə Təhsil, Elm, Mədəniyyət və İdman naziri ilə işgüzar söhbət etmişəm, demişəm ki, biz uşaqlarımızın psixoloji davamlılığına xüsusi diqqət yetirməliyik. Mən hadisələrin içinə girməyə çalışanda sadəcə dəhşətə gəlirəm ki, insanı intihar etmək qərarına nə gətirib çıxara bilər. Bu, birbaşa göstərir ki, psixoloji davamlılıqla bağlı problemlərimiz var.

Əlbəttə, səbəb-nəticə əlaqələrini görməmişəm, çünki statistika bunu deməyə bilər. Mən Təhlükəsizlik Şurasının son iclasında tapşırıq vermişəm ki, sübut olunmuş intihar hadisələri ayrılıb çıxarılsın, onların artıq məlumat kimi işlənməsi mümkün olan hissəsi götürülsün və baxılsın ki, təkrarlanan hansısa əlamətlər varmı?

Tutaq ki, X sayda intiharımız var. Bütün intihar etmiş sevimli əsgərlərimizin həyatında eyni olan hansısa xüsusiyyət varmı? Əgər informasiyanı tam yükləsək, süni zəka deyə bilər ki, həmin şəxslərin aşağıdakı ortaq cəhətləri var.

Son hadisədə, mənə məruzə edildiyi qədərilə, yazıb ki, hərbi hissədə problem yoxdur, iki gün əvvəl icazə alaraq qohumunun qəbrini ziyarət edib, həmin qohum da bizdə olan məlumatlara görə intihar edib. Gəlib məktub yazıb və bu addımı atıb. Bunu anlamaq lazımdır, mən hesab edirəm ki, bu, psixoloji davamlılıq problemidir. Ərazi videomüşahidə altındadır, amma həmin hərəkət saniyələr çəkir. Elə hallarımız olub ki, bu, kameranın qarşısında baş verib”, - deyə Paşinyan bildirib.

Məktəbdə psixoloji davamlılıq yaradılmasından danışarkən o qeyd edib ki, 15-20-30-40 nəfərlik məktəbdə bunu yaratmaq mümkün olmayacaq.

“Çünki biz uşağı 10 il 40-50 nəfərlik ünsiyyət dairəsində saxlayırıq, sonra onu 8 milyard əhalisi olan dünyada yaşamağa buraxırıq. Məktəb həm də ünsiyyət mühiti olmalıdır, müxtəlif situasiyalar olmalıdır, konfliktli vəziyyətlər olmalıdır ki, fərdiyyət cilalansın. Biz dar, adalaşmış uşaqları saxlayırıq, sonra da onların içində həmin böyük dünyaya çıxmaq qorxusu yaradırıq”, - deyə Paşinyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ordu   İntihar  


Bizi "telegram"da izləyin