Fransa Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalayacağını açıqlayıb

2026/04/1776491564.jpg
Oxunub: 356     09:49     18 Aprel 2026    
“Avropa Siyasi Birliyinin sammiti çox vacib hadisədir və bu tədbir zamanı Ermənistan bir neçə günlüyə bir növ Avropanın mərkəzinə çevriləcək. Bu isə Ermənistanın geosiyasi əhəmiyyətini vurğulayır”.

Ordu.az xəbər verir ki, bunu “CivilNet”ə müsahibəsində Fransanın Avropa məsələləri üzrə naziri Bencamin Haddad bildirib.

“Bununla yanaşı, prezident Emmanuel Makron Ermənistana ilk səfərini edəcək. Biz ölkələrimiz arasında onsuz da çox sıx olan tarixi, mədəni və iqtisadi əlaqələri, eləcə də müdafiə əməkdaşlığını daha da gücləndirə biləcəyik. Prezident Makron və baş nazir Nikol Paşinyan strateji tərəfdaşlıq sazişi imzalayacaqlar ki, bu da bizi daha da yaxınlaşdıracaq. Bundan sonra Avropa İttifaqı-Ermənistan sammiti keçiriləcək və bu, Avropa İttifaqı ilə İrəvan arasında əməkdaşlığın möhkəmləndirilməsinə imkan verəcək. Bu, Ermənistanın Fransa və Avropa İttifaqı ilə münasibətlərində mühüm mərhələ olacaq.

Fransa artıq Ermənistanla müdafiə əməkdaşlığını həm silah tədarükü, həm də məsləhət sahəsində genişləndirib. Biz İrəvandakı səfirliyimizə hərbi attaşemizi göndərmişik. Bu, prezident Makronun prioritetlərindən biridir”, - deyə nazir vurğulayıb.

Haddad müdafiə əməkdaşlığının inkişaf etdirilməsinin vacibliyini qeyd edib və bunun son illərdə artıq fəal şəkildə həyata keçirildiyini bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Ermənistan  


Bizi "telegram"da izləyin