Ermənistanda sabit kredit, yoxsa sabit durğunluq reytinqidir? Aparıcı reytinq agentliklərinin mövqeyini necə şərh etmək olar?

2026/04/1776490634.jpg
Oxunub: 378     14:36     21 Aprel 2026    
“Hökumətin 2021-2026-cı illər fəaliyyət proqramının 2025-ci il üzrə icrasının gedişi və nəticələri haqqında hesabatda ciddi nailiyyət kimi o fakt təqdim olunub ki, aparıcı beynəlxalq reytinq agentlikləri Ermənistanın reytinqini aşağı salmayıblar”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Sabit kredit, yoxsa sabit durğunluq reytinqidir? Aparıcı reytinq agentliklərinin mövqeyini necə şərh etmək olar” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, hesabatın 25-ci səhifəsində qeyd olunub: “2025-ci ildə aparıcı üç beynəlxalq reytinq agentliyi Ermənistanın suveren reytinqlərini təsdiqləyib, ölkənin makroiqtisadi sabitliyini vurğulayıblar. Xüsusilə, “Moody’s” “Ba3” reytinqini “sabit” proqnozla qoruyub saxlayıb, “Fitch” və “Standard & Poor’s” isə “BB-” reytinqini təsdiqləyərək proqnozu “sabit”dən “müsbət”ə dəyişiblər”.

Müəllif bildirib ki, bu ifadələrin arxasında gizlənən reallıq Ermənistan hökumətinin təqdim etməyə çalışdığından xeyli təvazökardır.

“2025-ci ildə “Moody’s”in qiymətləndirməsinə görə Ermənistanın suveren reytinqi “Ba3” olub, halbuki 2017-ci ildə bu göstərici “B1” idi və cəmi bir pillə aşağı yerləşirdi. Oxşar mənzərə “Fitch” üçün də keçərlidir. 2025-ci ildə reytinq “BB-”, 2017-ci ildə isə “B+” olub ki, bu da yenə indiki səviyyədən cəmi bir pillə geri qalır.

Yəni yeddi ildən artıq müddətdə keyfiyyət baxımından irəliləyiş yox, demək olar ki, nəzərə çarpmayan dəyişiklik qeydə alınıb.

Üstəlik, həm “Moody’s”in “Ba3”, həm də “Fitch”in “BB-” reytinqləri “investisiya səviyyəsindən aşağı”, yəni “spekulyativ” hesab olunur. Bu fakt özlüyündə yüksək səslə deyilən “sabitlik” qiymətləndirmələri ilə ziddiyyət təşkil edir. Əgər ölkə həqiqətən möhkəm və proqnozlaşdırılan iqtisadi mühitə malik olsaydı, bu, daha yüksək, “investisiya səviyyəli” reytinqlə əks olunardı”, - deyə müəllif yazıb.

Nəşr qeyd edib ki, Ermənistan reallığında reytinq qiymətləndirmələrinə birbaşa təsir edən və “sabitlik” adı altında gizlədilməsi çətin olan bir sıra amillər var.

“İlk növbədə təhlükəsizlik mühitində davam edən qeyri-müəyyənlik, gərginlik və bundan doğan iqtisadi risklər investorlar üçün əsas narahatlıq olaraq qalır. İkinci amil institusional zəifliklərdir: məhkəmə sisteminə etimadın azlığı, hüquqi proqnozlaşdırılma problemləri, seçici ədalət mühakiməsi ilə bağlı vaxtaşırı səslənən ittihamlar.

Üçüncü amil iqtisadiyyatın struktur həssaslığıdır, xarici faktorlar və məhdud sayda sahələrdən ciddi asılılıq istənilən xarici sarsıntını sistemli riskə çevirir. Nəhayət, dövlət idarəçiliyinin səmərəliliyi məsələləri var: tez-tez dəyişən siyasi mesajlar, formalaşmamış uzunmüddətli strategiyalar və aydın məsuliyyət mexanizmlərinin olmaması. Bütün bu hallar təkcə reytinq artımını ləngitmir, həm də dəyişməz qalmış göstəricinin niyə uğur kimi təqdim olunduğunu izah edir”, - deyə məqalədə bildirilib.

Müəllifin sözlərinə görə, nəticədə belə mənzərə yaranır ki, 2018-ci ildən sonra formalaşmış hakimiyyətin yeddi ildən artıq fəaliyyəti cəmi bir pilləlik yaxşılaşmaya gətirib çıxarıb və bu, sistemli irəliləyiş olmadan baş verib.

“Bu isə onu göstərir ki, həyata keçirilmiş “islahatlar” nə etibarlı institusional baza yaradıb, nə də ölkənin kredit nüfuzunu real şəkildə yüksəldə biləcək təhlükəsizlik və iqtisadi mühit formalaşdırıb.

Bu kontekstdə Ermənistan hökumətinin yanaşması xüsusilə diqqətçəkəndir: nailiyyət kimi irəliləyiş yox, pisləşmədən yayınmaq təqdim olunur.

İllərlə ölkə eyni “spekulyativ” səviyyədə qalırsa, “sabitlik” inkişafdan daha çox yerində saymağı xatırladır. Və burada təbii sual yaranır: əgər bu uğur kimi təqdim olunursa, onda durğunluğu və ya geriləməni necə xarakterizə etmək olar?”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hökumət   Reytinq  


Bizi "telegram"da izləyin