Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Rəqəmlər siyasətə xidmət etdiriləndə: hökumət hesabatı təbliğat vasitəsi kimi” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, halbuki məntiq tələb edir ki, hesabat ili uzaq keçmişlə deyil, məhz həmin hökumətin təsdiq etdiyi proqramda müəyyən olunmuş hədəflərlə müqayisə edilsin.
“Başqa sözlə, qiymətləndirilməlidir ki, hakimiyyət öz vədlərini yerinə yetirib, yoxsa sadəcə müqayisələr vasitəsilə “yaxşı görüntü” yaratmağa çalışıb. Bundan əlavə, hesabatda bir sıra mübahisəli və suallar doğuran ifadələr də yer alıb. Onlardan ikisini nəzərdən keçirək.
Hesabatın 2-ci səhifəsində qeyd olunur: “2025-ci ildə yüksək iqtisadi artım qeydə alınıb (7,2%), bunun nəticəsində 2021-2025-ci illərdə ÜDM-in orta illik artımı 7,9% təşkil edib”.
Rəqəmsal göstəricilər ilk baxışdan təsirli görünür, lakin burada ən vacib məqam açıq şəkildə kənarda saxlanılıb: son illərdə iqtisadi artım əsasən xarici amillərlə şərtlənib. Söhbət, xüsusilə, Rusiya-Ukrayna müharibəsinin nəticəsi olaraq Ermənistana böyük həcmdə kapital və insan resursu axınından, eləcə də reeksportun kəskin artımından gedir. Təsadüfi deyil ki, ən yüksək artım templəri məhz 2022-2023-cü illərdə qeydə alınıb və müxtəlif qiymətləndirmələrə görə, bunun əhəmiyyətli hissəsi, 6 faiz bəndinədək, məhz bu xarici təsirlərin hesabına formalaşıb. Bunu qeyd etmək vacibdir, çünki hökumət proqramında müəyyən edilmişdi ki, ÜDM-in orta illik minimum artım səviyyəsi 7%, əlverişli xarici mühit olduğu halda isə 9% olmalıdır”, - deyə müəllif yazıb.
Nəşr qeyd edib ki, yəni artıq faktiki formalaşmış və bu günədək davam edən əlverişli şəraitdə hakimiyyət daha yüksək nəticə təmin etməli idi.
“Lakin bu fonda belə 9% artımı təmin etmək mümkün olmayıb. Bu, reallaşdırılmamış imkanların nümunəsidir.
Bu “gözəl qablaşdırılmış” statistika xüsusilə xarici siyasət kontekstində diqqət çəkir. Son dövrlər mövcud hakimiyyətlə Rusiya hakimiyyəti arasında açıq gərginlik var, Nikol Paşinyan-Vladimir Putin son görüşü buna sübutdur. Görüşdə Rusiya tərəfdən açıq şəkildə Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlükdən nə qazandığı və Ermənistan xarici siyasət istiqamətini kəskin şəkildə Avropaya çevirərsə nə baş verəcəyi ilə bağlı fikirlər səsləndi. Bu məqam əhəmiyyətlidir: son illərin iqtisadi artımı məhz bu gün hakimiyyətin yenidən nəzərdən keçirməyə çalışdığı mühitdə formalaşıb. Yəni iqtisadi göstəricilərlə öyünülərkən, eyni zamanda həmin nəticələrin əsası təhlükə altına atılır. Xarici siyasətdə kəskin dönüşlər oyun qaydalarını çox tez dəyişə bilər və bu halda dərhal aydın olacaq ki, söhbət davamlı nailiyyətlərdən gedirdi, yoxsa müvəqqəti əlverişli şəraitdən.
Qeyd N.2
Vergi gəlirləri ilə bağlı təqdim olunan mənzərə də az danışan deyil. Hesabatın 2-ci səhifəsində qeyd olunur: “Ümumi göstəricidə vergi gəlirləri və dövlət rüsumları 2 trilyon 725,2 milyard Ermənistan dramı təşkil edib, dəqiqləşdirilmiş proqramın 100,3% icrası təmin olunub və ötən illə müqayisədə 7,6 faiz bəndi yaxşılaşma qeydə alınıb. 2025-ci ildə dövlət büdcəsinin vergi gəlirləri və dövlət rüsumları ötən illə müqayisədə təxminən 14% artıb və ya əlavə 334,3 milyard Ermənistan dramı gəlir əldə olunub”, - deyə məqalədə bildirilib.
Nəşr yazıb ki, burada da göstəricilər nailiyyət kimi təqdim olunur, lakin real mənzərə başqadır.
“Faktiki olaraq, 2025-ci ildə vergi gəlirlərinin “artıq icrası” cəmi 0,3% təşkil edib, halbuki iqtisadi artım olan 7,2% büdcədə nəzərdə tutulan 5,1%-i əhəmiyyətli dərəcədə üstələyib. Yəni iqtisadiyyat gözlənildiyindən daha sürətli artıb, amma bu artım büdcə daxilolmalarına uyğun şəkildə çevrilməyib. Nəticədə 2025-ci ildə vergilər/ÜDM nisbəti 24,1% təşkil edib ki, bu da proqram hədəfindən 0,9 faiz bəndi aşağıdır.
Bu artıq aydın siqnaldır ki, yüksək iqtisadi fəallıq vergi inzibatçılığının uyğun effektivliyi ilə müşayiət olunmayıb. Daha sadə desək, hökumət iqtisadiyyatın verdiyini “götürə” bilməyib. Elə buna görə də təqdim olunan “artıq icra” əslində idarəetmənin səmərəliliyindən çox, yanlış proqnozlaşdırılmış baza ilə bağlı texniki nəticədir. Bundan əlavə, bu məlumatlar daha bir mühüm proqram hədəfinin, 2026-cı ilə qədər vergilər/ÜDM nisbətinin 25%-ə çatdırılmasının da reallığını şübhə altına alır. 2025-ci ildə bu göstərici 24,1% olduğu və vaxt məhdud qaldığı halda, belə sıçrayış xarakterli yaxşılaşmadan danışmaq çətindir”, - deyə nəşr qeyd edib.
Müəllifin sözlərinə görə, ümumilikdə aydındır ki, hesabatda mümkün qədər “çəhrayı” mənzərə təqdim etməyə cəhd edilib.
“Lakin bu yanaşma ilə belə əsas problemi gizlətmək mümkün olmayıb: əlverişli xarici şəraitdə hökumət nəinki özünün müəyyən etdiyi daha yüksək həddə çatmayıb, hətta həmin artıma uyğun “geri dönüşü” büdcəyə vergi gəlirləri şəklində təmin etməyib. Göstəricilərin bu cür seçici təqdimatı artıq sırf hesabatlılıq üsulu kimi qəbul edilə bilməz. Daha real görünən odur ki, iyunun 7-də keçiriləcək parlament seçkiləri ərəfəsində formalaşdırılan təbliğat paketindən söhbət gedir və burada rəqəmlər təhlil olunmur, siyasi məqsədəuyğunluğa uyğun “düzülür”. Davamı olacaq...”, - deyə məqalədə bildirilib.
Alpər Mövludoğlu
Ordu.az