Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Reuters”in məlumatına görə, Tramp indi ciddi sınaq qarşısındadır, o, blokada vasitəsilə İranı oyundankənar vəziyyətə sala bilər və ya məğlubiyyətlə üzləşə bilər.
LSEG və Kpler dəniz sistemlərinin məlumatlarına əsasən, hazırda gəmilərin hərəkətində xaotik mənzərə müşahidə olunur. Gəmi kapitanları hadisələri qabaqlamağa və başlaması nəzərdə tutulan hərbi əməliyyatdan əvvəl təyinat nöqtəsinə çatmağa çalışırlar.
Liberiya bayrağı altında üzən “Mombasa B” gəmisi hazırda Fars körfəzinin sularında ballast əməliyyatı həyata keçirir. Malta bayrağı altında üzən nəhəng “Agios Fanourios I” tankeri isə geri dönərək Oman körfəzi yaxınlığında lövbər salıb.
Ekspertlər ABŞ prezidenti Donald Trampın bu addımını olduqca riskli hesab edirlər, çünki blokadanı təmin etmək üçün çoxlu sayda hərbi gəminin daimi mövcudluğu lazımdır. Əgər bu plan uğur qazanarsa, İran əsas təsir rıçağından, neft şantajından məhrum olacaq.
Bununla belə, mütəxəssislər uzunmüddətli uğur əldə olunacağına şübhə edirlər. Belə missiya nəhəng resurslar tələb edir və ABŞ üçün blokada halqasını aylarla təkbaşına saxlamaq çətin olacaq.
“Tramp problemin tez həllini gözləyir, lakin reallıq ondan ibarətdir ki, bu missiyanı öz gücünlə həyata keçirmək həddindən artıq mürəkkəbdir. Böyük ehtimalla, onu orta və uzunmüddətli perspektivdə dəyişmədən saxlamaq mümkün olmayacaq”, - deyə Pentaqonun keçmiş yüksəkvəzifəli rəsmisi Dana Stroul bildirib.
Tankerlər tez-tez Çin və Hindistan kimi iri oyunçular üçün neft daşıyır. Bu isə o deməkdir ki, blokada digər ölkələrlə də toqquşmaya səbəb ola bilər. Analitiklərin fikrincə, Pekin baş verənləri sakit şəkildə izləməyəcək.
Tehranın da cavab addımları var. İran qüvvələri regiondakı ABŞ infrastrukturunu hədəfə ala bilər ki, bu da Fars körfəzi ölkələrində yerləşən ABŞ hərbi bazalarını təhlükə altına qoyacaq.
Ehtiyatda olan admiral Qeri Rafhed xəbərdarlıq edib: “Mən səmimi şəkildə inanıram ki, əgər biz bu addımı atsaq, İran mütləq hansısa şəkildə cavab verəcək”.
Sürətli uğur halında blokada neft qiymətlərini aşağı sala bilər, lakin dənizdə uzanan müharibə əks təsir göstərəcək. Bazar artıq ən pis ssenariyə hazırlaşır: səhər ticarəti zamanı bir barel neftin qiyməti artaraq 102 dollara çatıb.
Sevinc Əliyeva
Ordu.az