“Axios”: Tramp milli kəşfiyyat direktorunu vəzifədən azad etməyə hazır idi

2026/04/1775835446.jpg
Oxunub: 373     19:32     10 Aprel 2026    
ABŞ-nin prezidenti Donald Tramp milli kəşfiyyat direktoru Tulsi Qabbardı vəzifədən azad etməyə hazır idi.

Ordu.az xəbər verir ki, bu barədə “Axios” yazır.

Mənbələrin sözlərinə görə, Tramp Qabbarddan narazı idi, çünki o, Konqresdə ABŞ-ni təhdid edən təhlükələrlə bağlı son ifadəsi zamanı İran ilə müharibəyə qeyd-şərtsiz dəstək verməyib.

Daha əvvəl Qabbardın keçmiş müşaviri və terrorla mübarizə üzrə direktor Co Kent istefa verərək administrasiyanın İran təhlükəsi ilə bağlı informasiya kampaniyasını zəiflədib.

İki mənbənin bildirdiyinə görə, qısa müddət sonra Tramp qapalı görüş zamanı Qabbardı tənqid edib və onun sədaqətini şübhə altına alıb.

“The Guardian”ın bir həftə sonra yaydığı məlumata görə, Tramp Qabbardın ifadəsi, onun vəzifədə fəaliyyəti və onun dəyişdirilməsinin zəruri olub-olmaması barədə müşavirlərinə suallar verməyə başlayıb.

“Axios”un məlumatına görə, Qabbardı kabinet üzvləri, eləcə də 1979-cu ildən Trampın dostu və müşaviri olan Rocer Stoun dəstəkləyib. Stounla danışan iki nəfərin sözlərinə görə, o, Trampın Qabbardı vəzifədə saxlamalı olduğunu əsaslandıran dörd səbəb göstərib:

O, öz prinsiplərinə sadiqdir, Konqresdə peşəkar ifadə verib və heç vaxt prezidentin sözlərini şübhə altına almayıb.

Qabbard Kent kimi istefa vermək niyyətində olmayıb və işdən çıxarılmağa layiq deyil.

Onun işdən azad edilməsi Trampı dəstəkləyənlər arasında mənfi informasiya axını yaradacaq və onu müharibə əleyhdarları üçün simvolik qurbana çevirəcək.

Əgər o vəzifədən azad edilsə, Qabbard gələcəkdə Respublikaçılar partiyasından prezidentliyə namizəd ola bilər ki, bu da Trampın üstünlük verdiyi varisi, vitse-prezident Vensə 2028-ci ilin əvvəlində keçiriləcək ilkin seçkilərdə zərər verə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin