Malayziyaya məxsus altı gəmi Hörmüz boğazından keçib

2026/04/1775456967.jpg
Oxunub: 366     15:42     10 Aprel 2026    
Malayziyaya məxsus altı gəmi Hörmüz boğazından keçərək vətənə qayıdır.

Ordu.az xəbər verir ki, bu barədə Asiya ölkəsinin baş naziri Ənvər İbrahim bildirib.

“Altı gəmi artıq yoldadır və ümid edirik ki, aprel və may aylarında neft tədarükləri nəzarət altında qalacaq”, - baş nazirin sözlərini “New Straits Times” sitat gətirib. Baş nazir qeyd edib ki, digər bir Malayziya gəmisi texniki nasazlıq səbəbindən Yaxın Şərq limanlarından birində qalır.

İlk Malayziya gəmisi boğazdan aprelin 6-da keçib.

Fevralın 28-də ABŞ və İsrail İrana qarşı müharibəyə başlayıb. İranın böyük şəhərlərinə, o cümlədən Tehrana zərbələr endirilib. İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı elan edib. ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı hərbi obyektlərinə də zərbələr endirilib. İran hakimiyyəti ABŞ, İsrail və İslam Respublikasına qarşı “aqressiya”nı dəstəkləyən ölkələrlə əlaqəli gəmilər üçün Hörmüz boğazını bağlamaq qərarı da qəbul edib. Münaqişə zamanı Tehranın icazəsi olmadan boğazdan keçməyə çalışan bir neçə tanker hücuma məruz qalıb. Martın 25-də İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İran dost ölkələrə, o cümlədən Rusiya, Hindistan, İraq, Çin və Pakistana Hörmüz boğazından keçməyə icazə verib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Malayziya   Hörmüz  


Bizi "telegram"da izləyin