Hindistan HDQ 6 raket korveti üçün 18 su reaktivli hərəkət sistemi tədarük edir

2026/04/1775807050.jpg
Oxunub: 392     11:35     10 Aprel 2026    
Norveçdə yerləşən “Kongsberg Maritime” şirkəti Hindistan Hərbi Dəniz Qüvvələrinin “Next Generation Missile Vessel” (NGMV) proqramı çərçivəsində hazırlanan 6 ədəd yeni nəsil raket korveti üçün ümumilikdə 18 ədəd “Kamewa” su reaktivli hərəkət sistemi tədarük edəcək.

Ordu.az xəbər verir ki, bu müqavilə yüksək sürətli və güclü atəş qabiliyyətinə malik yeni nəsil dəniz platformalarının hazırlanmasında kritik mərhələ kimi qiymətləndirilir və proqramın Hindistanın sahilyanı əməliyyat qabiliyyətlərini əhəmiyyətli dərəcədə artıracağı gözlənilir.

Yüksək sürət və “vur-qaç” qabiliyyəti ön planda

NGMV sinfinə məxsus platformaların 33-35 düyündən artıq sürətə çataraq xüsusilə sahilyanı əməliyyat mühitində yüksək manevr qabiliyyəti ilə fəaliyyət göstərməsi planlaşdırılır.

Su reaktivli hərəkət sistemi sayəsində gəmilərin

Sürətli hərəkəti
Ani istiqamət dəyişməsi
Dar və mürəkkəb sahil sularında effektiv manevr qabiliyyətləri artırılır, bu struktur eyni zamanda “vur-qaç” taktikasına uyğun əməliyyat profili təqdim edir.

Platformaların əsas zərbə gücünü isə “BrahMos” səsdən sürətli gəmi əleyhinə raketləri təşkil edəcək. Təxminən “Mach 2.8” sürət və 290 km mənzil qabiliyyətinə malik bu sistemlər nisbətən kiçik su tutumlu gəmilərə belə yüksək məhvetmə gücü qazandırır.

Üçlü su reaktivli konfiqurasiya və qaz turbin inteqrasiyası

Tədarük ediləcək 18 sistemin 6 gəmi arasında bölüşdürülməsi ilə hər platformada üçlü su reaktivli hərəkət konfiqurasiyasının istifadə olunacağı qiymətləndirilir.

“Kongsberg”in polad seriyalı su reaktivli sistemləri

“Duplex” paslanmayan poladdan qarışıq axın nasosları
İstiqamətləndirici ön hissələr
Geri itələmə mexanizmləri kimi komponentlərlə yüksək sürətdə çeviklik və aşağı sürətdə dəqiq idarəetmə imkanı yaradır.


Hərəkət sisteminin “GE Aerospace” tərəfindən təmin edilən LM2500 qaz turbinləri ilə inteqrasiya ediləcəyi və quraşdırma/sınaq proseslərinin Hindistanda həyata keçiriləcəyi bildirilir.

Çoxqatlı müdafiə və sensor arxitekturası

NGMV platformalarının yalnız hücum deyil, həm də müdafiə baxımından inkişaf etmiş imkanlar təqdim etməsi hədəflənir.

Bu çərçivədə:

“Bharat Electronics Limited” tərəfindən sensor və atəş idarəetmə sistemləri
AWEIL tərəfindən 30 mm AK-630 yaxın hava hücumundan müdafiə sistemləri
Hava müşahidə radarları və raketdən müdafiə sistemləri platformaya inteqrasiya ediləcək.


Bundan əlavə, Hindistanın gəmi əsaslı hava hücumundan müdafiə sistemi VLSRSAM-ın da bu sinifdə istifadə olunması nəzərdə tutulur.

Təhvil 2027-ci ildə başlayır

Gəmilərin inşası “Cochin Shipyard Limited” tərəfindən həyata keçirilir və ilk platformanın polad kəsimi 2024-cü ilin dekabrında icra olunub.

Proqram qrafikinə əsasən, ilk təhvilin 2027-ci ilin mart ayından etibarən başlaması planlaşdırılır. “Kongsberg” tərəfindən təmin ediləcək su reaktivli hərəkət sistemlərinin təhvilinin də bu qrafikə uyğun həyata keçiriləcəyi bildirilib.

Paylanmış məhvetmə konsepsiyasına keçid

NGMV proqramı Hindistan Hərbi Dəniz Qüvvələrinin klassik böyük platformalara əsaslanan güc proyeksiyası yanaşmasından daha paylanmış və yüksək tempə malik dəniz əməliyyat konsepsiyasına keçidinin mühüm hissəsi kimi qiymətləndirilir.

Yeni nəsil korvetlərin:

Dar boğazlarda nəzarətin təmin edilməsi
Sahil müdafiəsi və dənizdən hücum
Enerji sahələrinin qorunması kimi vəzifələrdə aktiv rol oynaması gözlənilir.


Bu çərçivədə NGMV sinfi yüksək sürət, güclü atəş qabiliyyəti və aşağı reaksiya müddəti ilə müasir dəniz müharibəsi mühitində mühüm boşluğu dolduracaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   HDQ  


Bizi "telegram"da izləyin