“ABŞ İranla danışıqlarda istənilən halda qalib gəlir” - Vens

2026/06/1782365422.jpg
Oxunub: 242     21:52     27 İyun 2026    
ABŞ-nin vitse-prezidenti Cey Di Vens ABŞ-nin İranla aparılan danışıqlarda istənilən halda qalib gəldiyini bildirib. O, İranın zəiflədiyini və nüvə proqramının dağıdıldığını vurğulayıb.

Ordu.az xəbər verir ki, bu barədə Vens HBO telekanalında yayımlanan “Real Time with Bill Maher” proqramında danışıb.

“Əgər yekun razılaşma əldə etsək, əla. Əgər əldə etməsək də, onların nüvə proqramı artıq dağıdılıb, ölkə isə əhəmiyyətli dərəcədə zəifləyib. Buna görə də mənim mövqeyim budur ki, Amerika istənilən halda qalib gəlir”, - deyə ABŞ-nin vitse-prezidenti bildirib.

Vens həmçinin Hörmüz boğazı vasitəsilə neft tədarükünün artmasını regionda real dəyişikliklərin baş verdiyini göstərən siqnal kimi qiymətləndirib.

Bununla yanaşı, o etiraf edib ki, ABŞ Prezidenti Donald Trampla İran Prezidenti Məsud Pezeşkian arasında 60 günlük qarşılıqlı anlaşma memorandumu çərçivəsində aparılan atəşkəs və danışıqlar prosesi mürəkkəb olaraq qalır.

“İranlılarla işləyəndə hər zaman müəyyən qədər xaotik vəziyyət olur”, - deyə Vens bildirib.

İranın nüvə proqramının hazırkı vəziyyəti ilə bağlı suala cavab verən vitse-prezident bildirib: “Məhv edilməyən nə qalıb? Uran zənginləşdirmə qabiliyyəti məhv edilməli idi və artıq məhv edilib”.

O əlavə edib ki, Tehran uzunmüddətli əsasda nüvə ambisiyalarından imtina edərsə, ABŞ İranla münasibətlərin “dərin transformasiyasına” hazırdır. Əks halda isə Vaşinqtonun “bütün üstünlüklər əlində qalacaq”.

Vens müsahibəsində ABŞ-nin daxili siyasətinə də toxunub, həmçinin keçmiş Prezident Riçard Niksonun tarixi rolunu müdafiə edərək bildirib ki, bu gün oxşar siyasi qalmaqallar “12 saatlıq xəbər dövrü ərzində” həll olunardı.

Bu açıqlamalar regionda yeni gərginlik fonunda səsləndirilib. Bundan əvvəl Hörmüz boğazında tankerə hücum edildiyi, ardınca isə ABŞ və İranın qarşılıqlı zərbələr endirdiyi bildirilmişdi. Vaşinqton İran obyektlərinə zərbələr endirdiyini açıqladığı halda, Tehran ABŞ qüvvələri ilə əlaqəli hədəflərə cavab zərbələri endirdiyini bəyan edib.

Vens həmçinin İsveçrənin Lütsern şəhərində İran nümayəndə heyəti ilə aparılan danışıqların uğurla davam etdiyini bildirib. Onun sözlərinə görə, neft qiymətlərinin enməsi və uranın zənginləşdirilməsinə tətbiq edilən məhdudiyyətlər İranın nüvə proqramını “funksional baxımdan məhv edib”.

Bununla belə, tənqidçilər qeyd edirlər ki, İranın hələ də 60 faizə qədər zənginləşdirilmiş uran ehtiyatları qalır. Həmin ehtiyatlar formal olaraq ölkədən çıxarılmasa da, onlara çıxışın məhdud olduğu bildirilir.

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi isə bəyan edib ki, bu ehtiyatların azaldılması və ya ölkədən çıxarılması danışıqlar çərçivəsində mümkün variantlardan biri olaraq qalır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Vens   İran  


Bizi "telegram"da izləyin