Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Küveyt Xarici İşlər Nazirliyi bəyan edib ki, cümə axşamı axşam saatlarında pilotsuz uçuş aparatları ilə hücumlar “Küveytin bəzi həyati əhəmiyyətli obyektlərinə” yönəlib. Eyni zamanda, Səudiyyə Ərəbistanının dövlət agentliyi anonim mənbəyə istinadən bildirib ki, hücumlar nəticəsində krallığın yanacaq-enerji kompleksinə daxil olan bir neçə obyekt də zədələnib.
“Xüsusilə, həyati əhəmiyyətli Şərq-Qərb boru kəmərinin nasos stansiyaları zərbəyə məruz qalıb və nəticədə boru kəmərinin sutkalıq ötürmə gücü təxminən 700,000 barel azalıb ki, bu da hazırkı dövrdə qlobal bazarlara əsas tədarük marşrutudur. Hücum həmçinin Mənifə emal kompleksinə təsir edib və onun istehsal gücü sutkada təxminən 300,000 barel azalıb”, - deyə bəyanatda bildirilib.
Eyni zamanda, İranın İslam İnqilabı Keşikçiləri Korpusu bu hücumlarda iştirakını qətiyyətlə təkzib edib.
“İran İslam Respublikasının silahlı qüvvələri atəşkəs müddətində heç bir ölkəyə qarşı raket buraxmayıb”, - deyə “Press TV”nin istinad etdiyi bəyanatda qeyd olunub.
İİKK əlavə edib ki, hücumlar ABŞ və ya İsrail tərəfindən həyata keçirilmiş təxribat ola bilər.
Sevinc Əliyeva
Ordu.az