Ordu.az xəbər verir ki, bu barədə “Al Arabiya” Səudiyyə Ərəbistanının Energetika Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Hücumlar nəticəsində Səudiyyə Ərəbistanının bir vətəndaşı, Səudiyyə Enerji Şirkətinin sənaye təhlükəsizliyi komandasının üzvü həlak olub, daha yeddi Səudiyyə Ərəbistanı vətəndaşı yaralanıb.
Son həftələrdəki hücumlar nəticəsində Şərq-Qərb boru kəmərinin nasos stansiyalarından biri də zədələnib ki, bu da rəsmi mənbənin sözlərinə görə, məhsuldarlığı sutkada təxminən 700 min barel azaldıb.
Mənifə istehsalat kompleksi də zərbə alıb və onun istehsal gücü sutkada təxminən 300 min barel azalıb. Daha əvvəl Xurays emal zavodu da hədəfə çevrilib ki, bu da onun istehsal gücünün sutkada 300 min barel azalmasına səbəb olub. Mənbənin bildirdiyinə görə, digər hücumların hədəfində iri neftayırma zavodları, o cümlədən Cübeyldəki SATORP neftayırma zavodu, “Ras Tanura” neftayırma zavodu, Yənbudakı SAMREF neftayırma zavodu və Ər-Riyad neftayırma zavodu da olub. Cuaymadakı neftayırma zavodları da zədələnib ki, bu da mayeləşdirilmiş neft qazı (LPG) və mayeləşdirilmiş təbii qazların ixracına təsir göstərib.
Sevinc Əliyeva
Ordu.az