Ordu.az xəbər verir ki, bu barədə “Reuters” Cənubi Koreyanın kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb.
Milli Kəşfiyyat Xidmətinin qapalı iclasında iştirak edən deputat Pak Son Vona görə, fevralın 28-də müharibənin başlanmasından bəri KXDR İrana silah və ya hərbi sursat tədarük etməyib. Pxenyan nə ayətullah Xameneinin ölümü ilə bağlı başsağlığı verib, nə də onun oğlu Müctəbanı ölkənin yeni ali rəhbəri seçilməsi münasibətilə təbrik edib. Çin və Rusiyanın çoxsaylı açıqlamalarından fərqli olaraq, Şimali Koreyanın Xarici İşlər Nazirliyi münaqişə ilə bağlı cəmi iki təmkinli bəyanat yayıb.
Kəşfiyyat bu təmkinli mövqeni diplomatik platformanın hazırlanması kimi qiymətləndirir, xüsusilə də may ayında keçiriləcək Tramp-Si Cinpin sammiti fonunda. Əmək Partiyasının fevral qurultayında Kim Çen In ABŞ ilə danışıqların mümkünlüyünü istisna etməyərək bildirib ki, əgər Vaşinqton KXDR-in nüvə statusunu tanısa və düşmənçilik siyasətindən imtina etsə, iki ölkə arasında “yaxşı münasibətlərin olmaması üçün səbəb qalmayacaq”. Kəşfiyyat bunu Trampa ünvanlanan məqsədli siqnal kimi qiymətləndirib.
Tramp dəfələrlə Kim Çen In ilə görüşmək istədiyini bəyan edib və onların hər zaman “çox yaxşı münasibətlərə” malik olduğunu vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az