Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.
Nəşr qeyd edib ki, bu təbliğat əks arqumentlə möhkəmləndirilir: guya onlar getdikdə və yerinə müxalifət gəldikdə müharibə də geri qayıdacaq və bu müharibə onların gətirdiyi sülhün əvəzinə olacaq.
“Anlayışların, gəlmək və getmək, qalmaq və uzaqlaşmaq kimi proseslərin mənasının təhrif edilməsi fonunda əsas məsələ ikinci plana keçir: müharibə həm hakimiyyətin qalması halında, həm də əgər erməni xalqı möcüzə nəticəsində bu hakimiyyətdən xilas olarsa, yenə də baş verəcək.
Qarşıdan gələn seçkini müharibə ilə sülh arasında seçim kimi təqdim edən hakimiyyət əslində müharibəsiz alternativ qoymayıb. Və söhbət yalnız müharibənin birbaşa anlamından getmir. Əgər hakimiyyət yenidən formalaşsa və onun təbliğ etdiyi “sülh” təsdiqlənsə, bu isə milli alçalma, kimliyin son itirilməsi və Azərbaycanla bağlı bütün elementlərin qəbul edilməsi ilə eyniləşdirilirsə, erməni cəmiyyətinin böyük hissəsi bunu qəbul etməyəcək. Bu qəbul etməmək düşmənçilik səviyyəsinə çatacaq və hər hansı formada hakimiyyətlə cəmiyyətin böyük hissəsi arasında daxili müharibəyə gətirib çıxaracaq. Bu isə elə bir müharibə növüdür ki, onun fonunda xarici düşmənlə müharibə belə daha üstün görünə bilər.
Daxili müharibənin “minaları” gec partlayır, lakin dövləti və cəmiyyəti “Bayraktar”dan daha dağıdıcı, “İsgəndər”dən daha ölümcül şəkildə məhv edə bilər”, - deyə nəşr bildirib.
Məqalə müəllifinin sözlərinə görə, hakimiyyətin yenidən formalaşması daxili müharibəyə zəmanət verəcək və hətta bu hakimiyyət sonradan aradan götürülsə belə, dövlətin qalan son qalıqlarını da məhv edə bilər.
“Digər ssenaridə isə hazırda hakimiyyətin yüksək avtoritar xarakterinə görə qeyri-real görünən hakimiyyət dəyişikliyi baş versə belə, müharibə yenə qaçılmaz olacaq. Bu, müxalifətin müharibə başlatmaq niyyəti ilə deyil, hakimiyyətin iddia etdiyi kimi ucuz təbliğatın nəticəsi deyil (heç bir müxalif qüvvə müharibə haqqında danışmayıb, əksinə, hamı mövcud vəziyyətdən sonra nəyisə xilas etməyin yollarından bəhs edir), sadəcə olaraq Azərbaycan öz bütün tələblərini yerinə yetirən nominal erməni hakimiyyətini itirdikdə həmin tələbləri hərbi yolla diktə edəcək.
Əlbəttə, bu halda Azərbaycanın tələblərinin yerinə yetirilməsi ehtimalı hakimiyyətin qalması və “müharibə əvəzinə sülh adı altında itaət” siyasətini davam etdirməsi halına nisbətən daha aşağı olacaq.
Mövcud hakimiyyət özü ilə yalnız artıq baş vermiş faciəli müharibəni deyil, həm də yeni müharibənin qaçılmaz perspektivini gətirib. Bir halda bu daxili müharibə, digər halda isə xarici hücum formasında təzahür edəcək”, - deyə məqalədə bildirilib.
Nəşr yazıb ki, iyunun 7-də erməni cəmiyyəti qaçılmaz müharibələrdən birini seçməli olacaq.
“Əsas sual budur: kollektiv düşüncə kifayət edəcəkmi ki, xarici rəqiblə müharibədə heç olmasa müqavimət göstərmək üçün nəzəri imkanın olduğunu başa düşsünlər? Halbuki mövcud hakimiyyətin qalması halında qaçılmaz daxili müharibə nə uduzmamaq, nə də dövlətdən nəsə qoruyub saxlamaq üçün heç bir şans buraxmır”, - deyə müəllif qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az