ABŞ-dən İranda nəhəng xilasetmə əməliyyatı: 155 təyyarə, 50 saatlıq mübarizə

2026/04/1775547738.jpg
Oxunub: 1035     11:43     07 Aprel 2026    
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-15E “Strike Eagle” döyüş təyyarəsinin İran üzərində vurulmasından sonra başladılan xilasetmə əməliyyatı ilə bağlı yeni təfərrüatlar üzə çıxıb. ABŞ-nin prezidenti Donald Tramp və Baş Qərargah rəisi, Hərbi Hava Qüvvələrinin generalı Den Keyn əməliyyatın miqyası və ərazidə baş verənlərlə bağlı açıqlamalar veriblər.

Aprelin 3-də vurulan təyyarədə olan pilot və Silah Sistemləri Zabiti (WSO) katapult kresloları vasitəsilə təyyarəni tərk edərək düşmən xətlərinin arxasında qalıblar. Bu hadisə “Epic Fury” əməliyyatı çərçivəsində itirilən ilk ekipajlı təyyarə kimi qeydə alınıb.

50 saatlıq sağ qalma mübarizəsi

WSO katapult zamanı aldığı yaralar səbəbindən ciddi qan itkisi yaşamasına baxmayaraq, yaxalanmamaq üçün sərt dağlıq əraziyə qalxıb. ABŞ və İran qüvvələrinin intensiv axtarışları zamanı qaya yarığında gizlənərək sağ qalmağı bacarıb.

Tramp bildirib ki, WSO İran İnqilabı Keşikçiləri Korpusu (IRGC), “Bəsic” silahlıları və yerli qüvvələrin olduğu bir ərazidə qalıb və aldığı təlimi tətbiq edərək yüksəkliyə doğru hərəkət edib.

ABŞ rəsmilərinin sözlərinə görə, WSO yaralı vəziyyətdə özünə ilkin yardım göstərib və yerini bildirmək üçün xüsusi rabitə sistemindən istifadə edib.

CIA dəstəyi ilə müəyyən edilib

WSO-nun yeri əsasən Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) tərəfindən təqdim edilən kəşfiyyat məlumatları sayəsində müəyyən edilib.

CIA direktoru Con Retkliff əməliyyatın “səhranın ortasında tək bir qum dənəsini tapmağa bənzər” dərəcədə çətin olduğunu vurğulayaraq, qabaqcıl insan resurslarının və texnoloji imkanların işə salındığını açıqlayıb.

Tramp isə bildirib ki, təxminən 40 mil (64 km) məsafədən aparılan müşahidə ilə WSO-nun hərəkəti izlənilə bilib və bu, əməliyyatın dönüş nöqtəsi olub.

Nəhəng hava əməliyyatı və aldatma planı

WSO-nun yerinin müəyyən edilməsindən sonra ABŞ genişmiqyaslı xilasetmə əməliyyatı başladıb. Əməliyyata 4 bombardmançı təyyarə, 64 döyüş təyyarəsi, 48 tanker (yanacaq doldurma) təyyarəsi, 13 xilasetmə təyyarəsi cəlb olunub. Ümumilikdə əməliyyatda təxminən 155 hava platforması iştirak edib.

Bu vasitələrin mühüm hissəsi İran qüvvələrini çaşdırmaq məqsədilə müxtəlif bölgələrdə həyata keçirilən yayındırma əməliyyatlarında istifadə olunub. ABŞ qüvvələri İranın diqqətini yayındırmaq üçün eyni anda bir neçə saxta hədəf yaradıb.

İlk xilasetmə: pilotun təxliyəsi

ABŞ Hərbi Hava Qüvvələri tərəfindən yaradılan CSAR (Döyüş Axtarış və Xilasetmə) tapşırıq qrupu çərçivəsində A-10C “Thunderbolt II”, HC-130J “Combat King” və HH-60W “Jolly Green II” platformalarından istifadə olunub.

CSAR qrupları intensiv döyüş şəraitində pilotu xilas etməyə nail olub. Əməliyyat zamanı bir A-10 təyyarəsi düşmən atəşinə məruz qalıb. Pilot tapşırığını davam etdirdikdən sonra başqa ölkəyə istiqamətlənib və daha sonra dost ərazidə katapult edərək xilas edilib.

HH-60W helikopterlərindən biri də intensiv atəş altında zədələnib, heyət üzvləri yüngül yaralanıb.

İkinci mərhələ: WSO üçün riskli əməliyyat

Pilotun xilas edilməsindən sonra əməliyyatın ən kritik mərhələsi başlayıb. Silah Sistemləri Zabiti WSO-nun ələ keçirilməsi halında bunun İran üçün böyük təbliğat qələbəsi olacağı qiymətləndirilib.

Tramp bildirib ki, bəzi hərbi rəsmilər əməliyyatın həddindən artıq riskli olduğunu düşünərək buna qarşı çıxıblar. Lakin əməliyyat siyasi və hərbi rəhbərliyin təsdiqi ilə davam etdirilib.

Əməliyyat çərçivəsində İran daxilində müvəqqəti irəli baza (FARP) yaradılıb. Bu bazaya MC-130J “Commando II”, MH-6 / AH-6 “Little Bird” helikopterləri yerləşdirilib.

Lakin çətin ərazi şəraiti səbəbindən MC-130J təyyarələri yumşaq torpaqda ilişib qalıb. Təxliyə mümkün olmayanda bəzi platformalar məhv edilib.

Onların yerinə qısa qalxma/enmə qabiliyyətinə malik CASA C-295W tipli təyyarələrdən istifadə edildiyi qiymətləndirilir.

İsrail və beynəlxalq əməkdaşlıq iddiaları

İsrailin baş naziri Benyamin Netanyahu əməliyyat zamanı ABŞ-yə dəstək verdiklərini açıqlayıb.

Təsdiqlənməmiş iddialara görə, əməliyyat çərçivəsində “Sayeret Matkal” və “Shaldag Unit” bölmələrinin də iştirak etdiyi irəli sürülüb.

Bundan əlavə, CIA tərəfindən hazırlanmış aldatma planı ilə İranın axtarış fəaliyyətlərinin müxtəlif istiqamətlərə yönəldildiyi bildirilib.

Əraziyə girişin məhdudlaşdırılması və hava zərbələri

Əməliyyat zamanı ABŞ qüvvələrinin radioelektron mübarizə vasitələrindən istifadə etdiyi, bölgəyə gedən yolları dəqiq döyüş sursatları ilə vurduğu bildirilib.

Reuters-in məlumatına görə, bu addımlar İran qüvvələrinin bölgəyə yaxınlaşmasının qarşısını almaq məqsədilə atılıb.

Bundan əlavə, “Fox News”a istinad edilən iddialarda eyni vaxtda B-2 bombardmançı təyyarələrinin Tehran yaxınlığında IRGC hədəflərini vurduğu irəli sürülüb.

Əməliyyatın strateji mənası

Bu xilasetmə əməliyyatı ABŞ-nin öz şəxsi heyətini geri qaytarmaq üçün yüksək riskə gedə biləcəyini, genişmiqyaslı hava və xüsusi əməliyyat qabiliyyətini, eləcə də çoxqatlı aldatma və kəşfiyyat imkanlarını bir daha ortaya qoydu.

Eyni zamanda, bu əməliyyat İran hava məkanının hələ də yüksək risk daşıdığını və ABŞ-İsrail hava əməliyyatlarına baxmayaraq təhdid səviyyəsinin davam etdiyini göstərdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin