Çinin “ağıllı mantası” sualtı missiyadadır

2026/04/photo-1775502539.jpg
Oxunub: 479     23:07     06 Aprel 2026    
Çinin biomimetik prinsiplərlə hazırladığı və mantadan ilhamlanan yumşaq gövdəli sualtı robot həyata keçirdiyi missiyada partlayıcı aşkar edib.

Ordu.az Çinin dövlət mediası “Global Times”a istinadən xəbər verr ki, ölkə dünyada ilk dəfə mantanı təqlid edən biomimetik və yumşaq gövdəli sualtı robot hazırlayıb.

Həqiqi mantadan seçilməsi demək olar ki, mümkün olmayan bu robot görmə məsafəsinin bir metrdən az olduğu çətin dərinliklərdə sınaqdan keçirilib.

Qaranlıq sularda aparılan sınaqlarda yerləşdirilmiş simulyasiya edilmiş partlayıcıları uğurla aşkar edərək hədəfə kilidlənib. Xüsusilə dərin dəniz əməliyyatları üçün optimallaşdırılan bu insansız sualtı platforma hədəf aşkarlanmasından strateji kəşfiyyat toplamağa qədər mühüm tapşırıqları yerinə yetirə biləcək şəkildə hazırlanıb.

Bundan əlavə, Çin bu texnologiyanı biomimetik sistemlər kateqoriyasında inkişaf etdirib. Təbiətdəki canlıların quruluş və fəaliyyət prinsiplərini modelləşdirərək texnoloji həllər yaratmağa əsaslanan bu sahə müdafiə sənayesində yüksək performanslı pilotsuz sistemlərin hazırlanmasına imkan yaradır. Bu yanaşma ilə hazırlanmış biomimetik manta skat robotu hidrodinamik gövdə quruluşu, yüksək sabitliyi və dəqiq hərəkət qabiliyyəti ilə müasir dəniz əməliyyatlarında mühüm rol oynayır.

Bionik yumşaq gövdəli manta insansız sualtı platforması

Biomimetik manta məhdud görünüş şəraitində fəaliyyət göstərə bilməsi üçün iş prinsipi səs dalğalarına əsaslanan inkişaf etmiş sonar sistemi ilə təchiz edilib. Hədəf aşkarlanması əks olunan səs dalğaları vasitəsilə həyata keçirilir, eyni zamanda dəniz dibini detallı xəritələşdirən yan skan sonar sistemlərinə malikdir.

Toplanan məlumatları real vaxt rejimində komanda-idarəetmə mərkəzinə ötürən sistem hədəfin məhv edilməsini avtonom şəkildə həyata keçirə bildiyi kimi operator müdaxiləsinə də imkan verir. Rabitə əlaqəsi kəsilsə belə, aparat tapşırığını davam etdirərək hədəfi izləməyə davam edə bilir və batareya tutumu sayəsində saatlarla maksimum sürətlə hərəkət edə bilir. Yüzlərlə kilometrlik mənzili ilə skat uzunmüddətli və strateji əməliyyatları uğurla icra edə bilir.

Dizayn baxımından açıq dəniz canlısı olan manta skatının seçilməsi onun düz gövdə quruluşu və geniş döş üzgəclərinin verdiyi üstünlüklərlə bağlıdır. Digər balıq növlərində sabitlik daha məhdud olduğu halda, manta skatının gövdəsini sabit saxlayaraq üzgəcləri ilə suyu idarə etməsi inteqrasiya olunmuş həssas avadanlıqların əməliyyat təhlükəsizliyi üçün kritik əhəmiyyət daşıyır.

Eyni zamanda, geniş gövdə səthi çoxsaylı sensorların və faydalı yüklərin yerləşdirilməsinə imkan verərək mürəkkəb tapşırıqlar üçün böyük üstünlük yaradır. Bundan əlavə, sistemin sürü şəklində hərəkət edə bilməsi sayəsində hər bir qurğunun topladığı sonar məlumatları rele üsulu ilə vahid məlumat zəncirinə çevrilərək genişmiqyaslı sualtı şəbəkə qurula bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Sualtı-platforma  


Bizi "telegram"da izləyin