Rusiya İran məsələsi üzrə danışıqların imkanlarının pozulmamasına çağırıb

2026/02/1770088803.jpg
Oxunub: 423     22:10     06 Aprel 2026    
Siyasi və diplomatik həll yollarının tapılması üzrə danışıqlar üçün qalan imkanların pozulmasına yol verilməməsi vacibdir. Bu amilin BMT Təhlükəsizlik Şurasının fəaliyyətində tam nəzərə alınmasına çağırırıq.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi qanunsuz, səbəbsiz təcavüz nəticəsində yaranmış genişmiqyaslı beynəlxalq böhran hər gün genişlənməkdə və dərinləşməkdə davam edir. Hücumlar getdikcə daha amansız və dağıdıcı xarakter alır, təkcə hərbi obyektləri deyil, həm də mülki infrastrukturu, o cümlədən AEBA-nın himayəsində olan nüvə obyektlərini hədəfə alır. Xüsusilə Buşehr atom elektrik stansiyasına qarşı artan məsuliyyətsiz hücumlar narahatlıq doğurur və bu, insan tələfatına səbəb olub. Çernobıldan daha dağıdıcı radioloji fəlakət təhlükəsi Fars körfəzi regionu və Avrasiyanın qonşu hissələri üzərində kölgə salır.

Silahlı qarşıdurma artıq minlərlə günahsız insanın, qadınların və uşaqların həyatına son qoyub və mülki əhali arasında genişmiqyaslı əzablara səbəb olub. Məktəblər, xəstəxanalar və dünya mədəni irsi obyektləri məhv edilir. Diplomatik və konsulluq missiyaları hədəfə alınır ki, bu da beynəlxalq münasibətlərin əsas prinsiplərinə ziddir və Vyana konvensiyalarının müddəalarının kobud şəkildə pozulmasıdır.

Qlobal enerji və ərzaq təhlükəsizliyinə böyük zərbə vurulub. ABŞ-İsrail avantürasından əvvəl fasiləsiz fəaliyyət göstərən əsas logistika marşrutları bağlanıb. Bazarlar qeyri-sabit vəziyyətə düşüb, bir çox ölkələr yanacaq normalaşdırmasına məcbur olur, ekspertlər isə iqtisadi cəhətdən zəif ölkələrdə tənəzzül və nəzarətsiz inflyasiya ilə bağlı ağır proqnozlar verirlər”, - deyə məlumatda qeyd edilib.

Bildirilib ki, Vaşinqton və Təl-Əvivin qanunsuz və məsuliyyətsiz hərəkətləri nəticəsində yaranmış vəziyyət sürətlə pisləşir və tam nəzarətdən çıxmaq təhlükəsi yaradır.

“Bir daha dərhal hərbi əməliyyatların dayandırılmasına çağırırıq. İran ətrafında gərginliyin azaldılması və Yaxın Şərqdə vəziyyətin uzunmüddətli və dayanıqlı tənzimlənməsi üçün dialoqun başlanmasına yönəlmiş bir sıra ölkələrin, o cümlədən Pakistan, Türkiyə və Çinin səylərini alqışlayırıq. BMT Baş katibi Antonio Quterreşin aprelin 2-də verdiyi bəyanata diqqət çəkirik. Həmin bəyanatda ABŞ və İsrail müharibəni dayandırmağa çağırılır, bu müharibənin böyük insan əzabları və ağır iqtisadi nəticələrə səbəb olduğu qeyd olunur, eyni zamanda İran da bu təcavüzdən sonra qonşularına hücumları dayandırmağa çağırılır.

Hesab edirik ki, münaqişənin siyasi və diplomatik həlli imkanları hələ də qalmaqdadır. Tərəflər təhdidlərdən, qəbuledilməz təhqirlərdən və ultimatum dilindən imtina etməli, bütün regionu geri dönməz xaosa sürükləyə biləcək addımlardan çəkinməlidirlər.

Beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvləri Yaxın Şərqin ümumi müharibə uçurumuna yuvarlanmasının qarşısını almalıdır, çünki bunun bütün dünya üçün uzunmüddətli faciəvi nəticələri ola bilər. Rusiya Federasiyası beynəlxalq tərəfdaşları ilə birlikdə buna nail olmaq üçün mümkün olan hər şeyi etməyə hazırdır”, - deyə bəyanatda qeyd olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   İran  


Bizi "telegram"da izləyin