İran Rusiyanın “məsləhəti” olmadan hərəkət edər? – BAXIŞ BUCAĞI

2026/04/1775496634.jpg
Oxunub: 552     21:10     06 Aprel 2026    
“Israel Inside” ABŞ tərəfinin təsdiqlədiyi məlumatlara əsaslanaraq hesablayıb ki, İranda vurulan F-15-in ikinci pilotunun axtarışı, tapılması və təxliyəsi üzrə hərbi əməliyyat yalnız hava qüvvələri və pilotsuz uçuş aparatlarının itkiləri baxımından ABŞ-yə 330 milyon dollara başa gəlib. Nəticə, əlbəttə, ABŞ üçün vacibdir, lakin ümumilikdə müharibənin bir ayı ərzində Vaşinqton 40 milyard dollardan çox vəsait xərcləyib, İran rejimi isə çökməyib, zənginləşdirilmiş uran ehtiyatları ölkə ərazisində qalır, İran İslam Respublikası İsrailin infrastrukturlarını və regiondakı ABŞ hərbi bazalarını raket atəşinə tutmaqda davam edir.

Rusiyanın dövlət xəbər agentliyi “RİA Novosti”nin redaksiya yazısı proqnozlaşdırır ki, İran əleyhinə “ABŞ-nin quru əməliyyatı demək olar ki, qaçılmazdır” və gələcək vəziyyəti Vyetnam müharibəsi ilə müqayisə edir. Müəllif əmindir ki, Tehran “qonşu ölkələrə açıq mesaj verir ki, təhlükəsizliyin təminatçısı məhz odur”. Müəllif “Foreign Affairs”in qiymətləndirməsini sitat gətirir: “İran böhrandan iqtisadi və siyasi baxımdan güclənmiş şəkildə çıxacaq”.

Bu fonda məlum olub ki, Pakistan tərəfindən İran-ABŞ münasibətlərinin tənzimlənməsi planı hazırlanıb və İslamabad bu planı “ABŞ-nin vitse-prezidenti Vens və İranın xarici işlər naziri Əraqçi ilə” müzakirə edib. Görünür, ABŞ prezidenti İran və ABŞ-nin “yaxın bir gün ərzində razılığa gələ biləcəyini” deyərkən məhz bu danışıqları nəzərdə tutub.

Pakistanın təklif etdiyi tənzimləmə planı, İsrail mənbələrinin açıqladığına görə, 45 günlük atəşkəsin elanını, Hörmüz boğazının açılmasını və 15 gün ərzində yekun razılaşmanın əldə olunmasını nəzərdə tutur. Bir gün əvvəl Rusiya və İran xarici işlər nazirləri arasında telefon danışığı baş tutub. “RİA Novosti”nin “ABŞ-nin İrana qarşı quru müdaxilə planlaşdırdığı” proqnozuna əsasən, Moskva Pakistanın təklifləri əsasında İranda atəşkəsə “etibar etmir”.

Nə qədər qəribə səslənsə də, İran-İsrail-ABŞ müharibəsi bir neçə baxımdan Rusiyaya sərfəlidir. Ən başlıcası isə, yəqin ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin ifadə etdiyi kimi, İran əleyhinə müharibə Ukrayna ilə bağlı tənzimləməni “ikinci plana keçirib”. Rusiya üçün, əlbəttə, İranın strateji məğlubiyyəti çox baha başa gələr, lakin İran böhrandan daha güclü mövqelərlə çıxarsa belə, Moskva həm Mərkəzi Asiyada, həm də Cənubi Qafqazda ciddi problemlərlə üzləşə bilər.

ABŞ prezidenti bildirib ki, əgər onun müəyyən etdiyi 48 saat ərzində Hörmüz boğazı açılmasa və razılaşmanın prinsipləri üzrə razılıq əldə olunmasa, İran qarşısında “cəhənnəmin qapılarını açacaq”. Aprelin 5-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Abbas əraqçiyə hansı “məsləhəti” verib? Lakin daha vacib sual ondan ibarətdir ki, İranda Rusiyanın “məsləhətlərinə” nə dərəcədə əhəmiyyət verilir. Bir aydan artıq davam edən müharibə Tehran üçün Vaşinqtonla prinsipial razılığa Rusiyanın vasitəçiliyi olmadan gəlmək baxımından unikal imkan yaradır. Əgər İran bu imkandan səmərəli istifadə edə bilsə, böhrandan həqiqətən daha güclənmiş şəkildə çıxacaq.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Rusiya  


Bizi "telegram"da izləyin