Hindistan yeni nəsil “BrahMos” raketlərini inventarına daxil etməyi dəyərləndirir

2025/11/1763549028.jpg
Oxunub: 463     20:06     06 Aprel 2026    
Hindistan 800 km mənzilli və “3 Mach” sürətində olan yeni nəsil “BrahMos” raketlərini inventarına daxil etməyi dəyərləndirir.

Ordu.az xəbər verir ki, son münaqişələrdən əldə edilən təcrübələr fonunda uzun mənzilli dəqiq silahların artan strateji dəyərini nəzərə alan Hindistan dərin zərbə imkanlarını artırmaq məqsədilə 800 km mənzilli və “3 Mach” sürətində olan yeni nəsil “BrahMos” raketlərini inventarına daxil etməyi dəyərləndirir.

“Defence Newsd”in yaydığı məlumata görə, Hindistan ordusu mövcud 400 km-lik əməliyyat imkanını ikiqat artıracaq bu təkmilləşdirilmiş variantın tədarük prosesini yaxından dəyərləndirir.

Belə ki, Müdafiə Tədarük Şurası (DAC) 2026-cı il martın 27-si cümə günü keçirdiyi iclasda Hindistan Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Sahil Mühafizəsi üçün təxminən 25,14 milyard dollar (2,38 trilyon rupi) dəyərində nəhəng müdafiə paketini təsdiqləyib. Lakin hökumətin rəsmi açıqlamasında strateji əhəmiyyətə malik 800 km mənzilli “BrahMos” raketinin həmin gün təsdiqlənən siyahıda yer almadığı, sistemin hələ planlaşdırma və texniki araşdırma mərhələsində olduğu qeyd olunur.

Uzaqdan təsir imkanına malik silahların müasir döyüş meydanında kritik əhəmiyyət qazandığı bir dövrdə bu inkişaf Hindistanın uzun mənzilli zərbə qabiliyyətini və çəkindirmə potensialını artırmaq səylərinin bir hissəsi kimi qiymətləndirilir. Bu tip silah sistemləri şəxsi heyəti və ya hava vasitələrini birbaşa risk zonasına daxil etmədən əməliyyat aparmaq imkanı verir. Bundan əlavə, Hindistan Müdafiə Nazirliyinin hesabatlarında 800 km mənzilli “BrahMos” raketləri ilə bağlı təklifin müdafiə naziri Racnat Sinqhin sədrlik etdiyi ən yüksək səviyyəli tədarük orqanı olan Müdafiə Tədarük Şurasına (DAC) təqdim edilməsinin gözlənildiyi bildirilir.

Hindistanın yeni əməliyyat konsepsiyası yalnız raketlərlə məhdudlaşmır, həmçinin artilleriya və piyada birlikləri ilə inteqrasiya olunmuş xüsusi pilotsuz uçuş aparatı bölmələrinin yaradılmasını da əhatə edir. Bu strategiyanın əsas məqsədi hədəfin aşkarlanmasını sürətləndirən, məlumat paylaşımını ani şəkildə həyata keçirən və döyüş meydanının müxtəlif nöqtələrində koordinasiyalı zərbələr endirə bilən dinamik struktur yaratmaqdır. Qısası, Yeni Dehli rəhbərliyi pilotsuz uçuş aparatları ilə uzun mənzilli dəqiq sursatların sinerji şəklində istifadə olunduğu, daha effektiv və çox təbəqəli hücum doktrinası qurmağı hədəfləyir.

“BrahMos” supersəs qanadlı raketi

Adını Hindistanın Brahmaputra çayı və Rusiyanın Moskva çayından götürən “BrahMos” raketi iki ölkə tərəfindən birgə hazırlanır. 1998-ci ildə başlayan layihə çərçivəsində ilk sınaq atışı 2001-ci il iyunun 12-si keçirilib. “BrahMos” sualtı qayıqdan, gəmidən, təyyarədən və ya qurudan buraxıla bilən orta mənzilli, “ramjet” mühərrikli supersəs tipli qanadlı raketdir və dünyanın ən sürətli səsdən sürətli qanadlı raketi olması ilə seçilir. Onun əsası isə Rusiyanın P-800 “Oniks” supersəs gəmi əleyhinə qanadlı raketinə söykənir.

“BrahMos” raketi ilk mərhələdə bərk yanacaqlı itələyici mühərrikə malikdir və bu mühərrik vasitəsilə səsdən sürətli həddə çatdıqdan sonra ayrılan iki mərhələli raketdir. İkinci mərhələ olan maye ramcet isə raketi uçuşun seyir mərhələsində “2,8 Mach” sürətinə yaxınlaşdırır. Gizlilik texnologiyası və qabaqcıl daxili proqram təminatına malik tuşlama sistemi raketə xüsusi üstünlüklər qazandırır. Raketin bütün uçuş prosesi boyunca səsdən sürətli hərəkət etməsi daha qısa uçuş müddəti, hədəflərin daha az dağılması, daha sürətli nişanalma müddəti və dünyada məlum olan heç bir silah sistemi tərəfindən qarşısının alına bilməməsi deməkdir.

“Atdım-unutdum” prinsipi ilə işləyən “BrahMos” hədəfə doğru hərəkət edərkən müxtəlif uçuş trayektoriyaları izləyə bilir. Raketin dağıdıcı gücü 200 kq-a qədər adi döyüş başlığı daşıya bilməsindən deyil, toqquşma anındakı yüksək kinetik enerjisindən qaynaqlanır. Uçuş yüksəkliyi 15 km-ə qədər yüksələ bilən raketin son hündürlüyü 5 metrə qədər enə bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   BrahMos  


Bizi "telegram"da izləyin