Ordu.az xəbər verir ki, şirkət kamikadze pilotsuz uçuş aparatı məhsul ailəsinin ən yeni və ən böyük üzvü olan Uzun Mənzilli Kamikadze Pilotsuz Uçuş Aparatının ilk sınaq uçuşuna aid görüntüləri paylaşıb.
Əməliyyat konsepsiyası baxımından İran istehsalı “Şahid-136” ilə oxşarlıqlar daşıyan, lakin texnoloji infrastrukturu və yüksək dəqiqlikli zərbə qabiliyyəti ilə fərqlənən yeni sistem Türkiyənin dərin zərbə qabiliyyətini gücləndirməyi hədəfləyir. Pilotsuz uçuş aparatının təxminən 2000 kilometr mənzilə malik olduğu qiymətləndirilir.
STM-nin yeni platforması aşağı maya dəyərli istehsal quruluşu və uzun mənzil üstünlüyü ilə asimmetrik müharibə sahəsinin kritik ehtiyaclarına cavab verir. Xüsusilə strateji dərinlikdə yerləşən sabit hədəflərin məhvi, hava hücumundan müdafiə sistemlərinin susdurulması (SEAD) və logistik xətlərin kəsilməsi kimi tapşırıqlarda effektiv rol oynaması gözlənilir.
Layihə STM-nin hazırda Türkiyə Silahlı Qüvvələri və xarici müştərilərin inventarında yer alan və fəal şəkildə istifadə olunan KARGU (kvadrokopter tipli kamikadze pilotsuz uçuş aparatı) və ALPAGU (sabit qanadlı kamikadze pilotsuz uçuş aparatı) sistemlərindən əldə etdiyi təcrübəni daha yüksək faydalı yük və mənzil qabiliyyətinə daşıyır.
Aşağı radara görünmə sahəsinə malikdir
Yeni kamikadze pilotsuz uçuş aparatı gövdə quruluşu etibarilə aşağı radara görünmə sahəsinə (RCS) malik olacaq şəkildə optimallaşdırılıb. Delta qanad formalı konstruksiyası uzun müddət havada qalma imkanı verir. Sistemin radioelektron mübarizədən qorunan GNSS və elektro-optik axtarış başlığı ilə təchiz edilərək yüksək zərbə dəqiqliyi təqdim edəcəyi proqnozlaşdırılır.
STM-nin “gəzən sursat” ailəsinin uğurları
STM bu sahədə qlobal miqyasda özünü təsdiqləyib. Xüsusilə KARGU dünyada terrorla mübarizə əməliyyatlarında və konvensional münaqişələrdə fəal istifadə olunan, süni zəka dəstəkli obyekt tanıma qabiliyyətinə malik ilk kvadrokopter tipli kamikadze pilotsuz uçuş aparatlarından biri kimi önə çıxır. Minlərlə ədəd istehsal edilən və 10-dan çox ölkəyə ixrac olunan KARGU-nun yeni versiyaları da hazırlanır, bu prosesdə ona sürü əməliyyatı qabiliyyəti də qazandırılıb.
Yerli “KarguFPV”
Sabit qanadlı kamikadze pilotsuz uçuş aparatı ALPAGU isə müxtəlif istifadəçilərin inventarına daxil edilib. ALPAGU-dan daha uzun mənzilə malik ALPAGUT-un hazırlanması istiqamətində fəaliyyətlər də davam edir.
Sevinc Əliyeva
Ordu.az