GÖKBEY hava təcili yardım helikopteri sənaq uçuşunu tamamladı, ilk təhvil səhiyyə sahəsinə ediləcək

2026/04/1775478353.jpg
Oxunub: 478     16:24     06 Aprel 2026    
GÖKBEY ümumi təyinatlı helikopterinin hava təcili yardım konfiqurasiyasına dair sınaq uçuşu Ankara şəhərindəki müəssisələrdə uğurla həyata keçirilib.

Ordu.az xəbər verir ki, səıınaq uçuşunda Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu və Müdafiə Sənayesi Komitəsinin sədri professor Haluk Görgün iştirak ediblər.

Hazırlıqlar tamamlandıqdan sonra GÖKBEY hava təcili yardım helikopteri havaya qalxaraq planlaşdırılan uçuş profilini yerinə yetirib. Uçuş zamanı helikopterin sistemləri yerində müşahidə olunub, sənağın planlaşdırıldığı kimi tamamlandığı və platformanın təhlükəsiz şəkildə eniş etdiyi bildirilib. Rəsmilər bu uçuşun helikopterin əməliyyat qabiliyyətlərinin təsdiqlənməsi baxımından kritik mərhələ olduğunu vurğulayıblar.

Yerli və milli platforma vurğusu

Proqram çərçivəsində açıqlama verən Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri professor Haluk Görgün GÖKBEY helikopterinin Türkiyənin ehtiyaclarına uyğun şəkildə hazırlandığını bildirib: “GÖKBEY helikopterimiz həm struktur, həm avionika, həm də alt sistemlər baxımından yerli ekosistemimiz tərəfindən hazırlanmış və inkişaf etdirilmiş mühüm platformalarımızdan biridir”.

Görgün platformanın yalnız təhlükəsizlik qüvvələrinin deyil, həm də mülki sahələrin ehtiyaclarına cavab verəcək şəkildə hazırlandığını qeyd edib.

Səhiyyə Nazirliyi üçün xüsusi konfiqurasiya

GÖKBEY-in hava təcili yardım versiyasının hazırlanmasına da toxunan Görgün bu konfiqurasiyanın aidiyyəti qurumların koordinasiyası ilə ortaya çıxdığını bildirib. O qeyd edib: “Səhiyyə Nazirliyimizin ehtiyaclarını yerli və milli platformalar vasitəsilə qarşılamaq üçün intensiv iş aparılıb”.

80 ədəd istehsal ediləcək, ilk təhvil yaxın vaxtda

Helikopterin texniki xüsusiyyətləri barədə məlumat verən professor Haluk Görgün bildirib ki, GÖKBEY 6 ton sinfinə məxsusdur, təxminən 1 ton yanacaq tutumuna malikdir və 3,8 saat havada qala bilir. Platformanın mənzilinin isə təxminən 700 kilometr olduğu qeyd olunub.

Ümumilikdə 80 ədəd istehsal ediləcək GÖKBEY helikopterlərindən ilk üç ədədinin qarşıdakı 6-8 ay ərzində Səhiyyə Nazirliyinə təhvil verilməsi planlaşdırılır.

Sertifikatlaşdırma tamamlanıb, sınaq prosesi davam edir

Görgün əlavə edib ki, helikopter Mülki Aviasiya Baş İdarəsinin koordinasiyası ilə aparılan proses nəticəsində sertifikatlaşdırmanı tamamlayıb. Hava təcili yardım konfiqurasiyası üzrə əlavə sınaqların davam edəcəyini bildirən Görgün qeyd edib: “Hava təcili yardım helikopteri kimi istifadə ediləcək konfiqurasiya üçün əlavə sınaqların da tamamlanması lazımdır”.

Həyata keçirilən sınaq uçuşunun bu prosesin mühüm hissəsi olduğu və əldə edilən məlumatların gələcək təhvil qrafikinə birbaşa təsir göstərəcəyi qiymətləndirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: GÖKBEY   Türkiyə  


Bizi "telegram"da izləyin