“Bloomberg”in məlumatına görə, ABŞ ordusu JASSM-ER uzunmənzilli raket ehtiyatlarının təxminən 82%-ni istifadəyə verməyə hazırlaşır və dünyanın digər bölgələrində cəmi təxminən 425 raket qalacaq.
Bu inkişaf Donald Trampın ötən çərşənbə İranı onun təklif etdiyi sülh razılaşmasını qəbul etməyə çağırmasından və əks halda ABŞ hərbi tədbirləri ilə hədələməsindən sonra baş verir. O, şənbə gecəsi yeni xəbərdarlıq edərək bildirib ki, İranın razılaşma əldə etmək və ya Hörmüz boğazını açmaq üçün 48 saat vaxtı var.
“Yadınızdadırmı, mən İrana dedim ki, RAZILAŞMA ƏLDƏ EDİN və ya HÖRMÜZ BOĞAZINI AÇIN, bunun üçün on gün vaxtınız var. Vaxt bitmək üzrədir, 48 saatdan sonra hər şey onların üzərinə gələcək. Tanrıya şükür! Prezident DONALD J. TRAMP”, - deyə o, “Truth Social” platformasında yazıb.
JASSM-ER qanadlı raketləri haqqında hər şey
JASSM raket ailəsinə həm uzunmənzilli, həm də qısamənzilli variantlar daxildir. Bu raketlər 2001-ci ildən etibarən “Lockheed Martin” tərəfindən istehsal olunur və 20 ildən artıqdır ki, ABŞ ordusuna təchiz edilir.
Burada əsas diqqət JASSM-ER (Joint Air-to-Surface Missile-Extended Range) modelinə yönəlib ki, bu da “hava-yer” raketi kimi uzaqmənzilli, yüksək dəqiqlikli zərbə imkanları təqdim edir.
Bu silah sistemi, təxminən 1,5 milyon dollar dəyərində olub, böyük məsafədən, təhlükəsiz uzaqlıqdan həm sabit, həm də hərəkətli hədəfləri məhv etmək üçün nəzərdə tutulub. O, hava ekipajına düşmənin hava hücumundan müdafiə sistemlərinin təsir zonasından kənarda qalaraq yüksək effektivliklə zərbə endirməyə imkan verir.
Əsas xüsusiyyətlər:
1. Mənzil: 500 dəniz milindən çox (təxminən 930 km)
2. İnteqrasiya: F-15E, F-16 kimi qırıcılar və B-1B, B-2, B-52H kimi bombardmançılarla uyğunluq, yüksək dəqiqlik
3. Döyüş başlığı: 1000 funtluq (təxminən 450 kq) zirehdələn, yüksək partlayış qbailiyyətinə malik qəlpəli döyüş başlığı
ABŞ bu raketlərdən İran müharibəsində nə qədər istifadə edib?
“Bloomberg”in məlumatına görə, müharibənin ilk dörd həftəsində ABŞ əməliyyatları 1000-dən çox JASSM-ER raketindən istifadə edib. Bu barədə məlumat verən mənbə həssaslıq səbəbindən anonim qalmaq şərti ilə danışıb.
Mənbə əlavə edib ki, ABŞ təyyarələri Venesuela prezidenti Nikolas Maduronu hədəf alan hücum zamanı da 47 raket buraxıb. Lakin bu qədər böyük sayda JASSM-ER raketinin İran münaqişəsinə yönəldilməsi onların hamısının mütləq istifadə olunacağı anlamına gəlmir.
Sevinc Əliyeva
Ordu.az