SAS qruplarından kritik əməliyyat: İynəada sahillərində mina zərərsizləşdirilib

2026/04/1775466177.jpg
Oxunub: 416     13:01     06 Aprel 2026    
Türkiyə Milli Müdafiə Nazirliyi (MMN) Qara dənizdə sürüklənən mina və insansız sistemlərdən qaynaqlanan təhdidlərə qarşı aparılan kəşfiyyat, müşahidə və məhv etmə fəaliyyətlərinin 24/7 prinsipi əsasında fasiləsiz davam etdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, nazirlik son olaraq İynəada sahillərində aşkar edilən və mina olduğu ehtimal edilən şübhəli cismin SAS qrupları tərəfindən dənizdə uğurla məhv edildiyini bildirib.

Türkiyə MMN-in daha əvvəl verdiyi məlumata görə, Qara dənizdə 2026-cı il martın 29-dək ümumilikdə 275 şübhəli obyekt aşkar edilib. Bu obyektlərdən 10-nun mina, 8-nin kamikadze pilotsuz uçuş aparatı və 11-nin kamikadze insansız dəniz platforması olduğu müəyyən edilib və onların hamısının zərərsizləşdirildiyi bildirilib.

Nazirliyin açıqlamasında Rusiya-Ukrayna müharibəsi prosesində Qara dənizdə artan sürüklənən mina təhdidinə qarşı görülən tədbirlərə diqqət çəkilib. Bu çərçivədə Türkiyənin təşəbbüsü ilə Rumıniya və Bolqarıstanın iştirakı ilə 2024-cü il yanvarın 11-də Qara dəniz Mina Əleyhinə Tədbirlər Tapşırıq Qrupunun (MCM Black Sea) yaradılması barədə razılaşmanın imzalandığı xatırladılıb.

İntensiv dəniz və hava fəaliyyəti həyata keçirilir

Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı tərəfindən 2022-ci il martın 26-dan etibarən bölgədə kəşfiyyat, müşahidə, patrul və təhdidlərin zərərsizləşdirilməsi üzrə fəaliyyətlərin fasiləsiz davam etdiyi vurğulanıb.

Hazırkı tapşırıq çərçivəsində bölgədə 2 freqat, 1 sualtı qayıq, 1 patrul gəmisi, 1 dəniz patrul təyyarəsi, 1 helikopter və 1 pilotsuz uçuş aparatı aktiv fəaliyyət göstərir.

Mina müşahidə fəaliyyətlərində isə 2 mina axtaran gəmi, 1 hücum qayığı, 3 helikopter, 1 SAS qrupu və 1 pilotsuz uçuş aparatı istifadə olunur.

Həyata keçirilən əməliyyatlar çərçivəsində bu günədək 28150 saat üzmə, 1554 uçuş və 7711 saat hava fəaliyyəti icra edilib. Aşkar edilən bütün şübhəli obyektlər SAS qrupları tərəfindən məhv edilib.

TB2-lər Qara dəniz tapşırıqlarında

Türkiyə MMN hava və dəniz vəziyyətinin daha effektiv formalaşdırılması məqsədilə 2025-ci il dekabrın 17-dən etibarən əlavə tədbirlərin görüldüyünü açıqlayıb. Bu çərçivədə Cengiz Topel Hava Limanına 3 ədəd BAYRAKTAR TB2 pilotsuz uçuş aparatı yerləşdirilib və bölgəyə əlavə olaraq 2 freqat göndərilib.

Hazırda Qara dənizdə həftəlik olaraq 4 dəniz patrul uçuşu və 4 pilotsuz uçuş aparatı tapşırığı yerinə yetirilir, helikopter dəstəyi ilə mina müşahidə fəaliyyətləri də davam edir.

Qurumlararası koordinasiya davam edir

Açıqlamada əməliyyatların Sahil Mühafizə Komandanlığı, Enerji və Təbii Sərvətlər Nazirliyi və Nəqliyyat və İnfrastruktur Nazirliyi başda olmaqla aidiyyəti qurumlarla və Qara dənizə çıxışı olan ölkələrlə koordinasiya şəraitində həyata keçirildiyi bildirilib.

Qərbi Qara dənizdə fəaliyyət göstərən qazma və tədqiqat gəmilərinin təhlükəsizliyi üçün kəşfiyyat və müşahidə fəaliyyətlərinin fasiləsiz davam etdiyi qeyd olunub.

MMN Türkiyənin Qara dənizdə təhlükəsizliyini təmin etmək məqsədilə sürüklənən minalar və pilotsuz sistemlərdən qaynaqlanan təhdidlərə qarşı maksimum tədbirlərin tətbiq olunmağa davam etdiyini vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   SAS   İynəada  


Bizi "telegram"da izləyin