TOLGA Yaxın HHM Sistemi təbəqəli quruluşu ilə aşağı hündürlük təhdidlərinə qarşı inkişaf etdirildi

2026/04/1775459781.jpg
Oxunub: 471     11:14     06 Aprel 2026    
“Maşın və Kimya Sənayesi” (MKE) tərəfindən inkişaf etdirilən TOLGA Yaxın Hava Hücumundan Müdafiə Sistemi müasir döyüş meydanında artan mini/mikro pilotsuz uçuş aparatı, taktiki pilotsuz uçuş aparatı, ağıllı sursat və qanadlı raket təhdidlərinə qarşı təbəqəli müdafiə həlli təqdim etmək məqsədilə hazırlanıb.

Ordu.az xəbər verir ki, “Polad Günbəz” hava hücumundan müdafiə arxitekturasında 3000 metr və aşağı təbəqənin qorunması məqsədilə hazırlanmış sistem tamamilə yerli və milli imkanlarla istehsal olunub.

TOLGA quru qoşunlarının qorunması, kritik obyektlərin təhlükəsizliyi, hərəkətli konvoyların mühafizəsi, baza və yerləşkələrin müdafiəsi, eləcə də dəniz platformalarının qorunması kimi müxtəlif tapşırıq ssenariləri üçün hazırlanıb.

“Soft-kill” və “hard-kill” imkanları

Sistem iki fərqli nişanalma konsepsiyası ilə fəaliyyət göstərə bilir. “Soft-kill” ssenarisində təxminən 3 kilometr məsafədə olan düşmən pilotsuz uçuş aparatı mobil radar stansiyası və elektro-optik sensorlar vasitəsilə aşkar edilərək jammer vasitəsilə radioelektron mübarizə tətbiq olunur və zərərsizləşdirilir.

“Hard-kill” ssenarisində isə sistemdə yer alan iki sabit 12.7 mm silah sistemi, nəqliyyat vasitəsi üzərində quraşdırılmış fırlanan lüləli 12.7 mm sistem və 20 mm top sistemi istifadə edilərək pilotsuz uçuş aparatları və sabit qanadlı pilotsuz uçuş aparatları MKE tərəfindən hazırlanmış anti-dron sursatı ilə birbaşa məhv edilir.

Xüsusi sursat və inteqrasiya olunmuş quruluş

Sistemdə istifadə olunan və yenə MKE tərəfindən hazırlanmış TOLGA sursatları hədəfə yaxınlaşaraq partlayan və hissəciklərə ayrılan şəkildə dizayn edilib. Bu sayədə kiçik və yüksək manevr qabiliyyətinə malik hava hədəflərinə qarşı effektivliyin artırılması hədəflənir.

TOLGA radioelektron mübarizə, radar və elektro-optik sensorlar, müxtəlif çaplı silah sistemləri və komanda-idarəetmə infrastrukturunu vahid arxitekturada birləşdirərək inteqrasiya olunmuş yaxın hava hücumundan müdafiə həlli təqdim edir.

Təbəqəli məsafə quruluşu

Sistemin təbəqəli nişanalma imkanı aşağıdakı kimidir:

Mobil radar, elektro-optik sistem və “jammer” ilə 10000 metr
35 mm TOLGA Silah Sistemi ilə 3000 metr
20 mm TOLGA Silah Sistemi ilə 1000 metr
12.7 mm TOLGA Silah Sistemləri ilə 300 metr


Bu quruluş sayəsində sistem təhdidləri uzaq məsafədən aşkar edərək əvvəlcə radioelektron təsir altına alır, daha sonra yaxınlaşan hədəflərə qarşı mərhələli atəş gücü ilə məhv etmə imkanı yaradır.

İnventara qəbul və seriyalı istehsal prosesi

MKE baş direktoru İlhami Keleş TOLGA sisteminin ilk dəfə Quru Qoşunlarının inventarına daxil ediləcəyini və daha sonra seriyalı istehsal mərhələsinə keçiləcəyini açıqlayıb.

Keleş sistemin texniki səviyyəsi ilə bağlı açıqlamasında bildirib: “TOLGA yaxın hava hücumundan müdafiə sistemi dünyadakı analoqları ilə müqayisədə daha qabaqcıl sistemdir. Bu xüsusiyyəti ilə “Polad Günbəz”in alt seqmentini, yəni çox aşağı hündürlüyü əhatə edən quruluşa malikdir”.

Sursat imkanlarına da toxunan Keleş qeyd edib: “Sursata olan hakimiyyətimiz bizi dünyadakı analoqlarımızdan bir addım önə çıxarır. 12.7 millimetrdən 35 millimetrə qədər bütün çaplarda hədəfin qarşısında yayılaraq metal hissəcik buludu yaradan sursat quruluşu ilə ön plana çıxdıq”.

İxrac uğuru və beynəlxalq əməkdaşlıqlar

TOLGA Yaxın Hava Hücumundan Müdafiə Sisteminin beynəlxalq bazarda da artan maraq gördüyü qeyd olunur. Qətər və Misirə həyata keçirilən ixracdan sonra sistem Səudiyyə Ərəbistanı ilə bağlanan razılaşma çərçivəsində üçüncü ixrac uğuruna nail olub.

Bu çərçivədə MKE Səudiyyə Ərəbistanı mərkəzli “Al Talbiah” şirkəti ilə TOLGA sistemi və 122 mm Çox Lüləli Raketatar sursatının birgə istehsalına dair anlaşma memorandumu imzalayıb. Sözügedən əməkdaşlığın texnologiya transferi və yerli istehsal infrastrukturunun inkişafı baxımından strateji addım olduğu qiymətləndirilir.

Bundan əlavə MKE-nin partlayıcı istehsalı, sursat istehsal xətlərinin qurulması və texniki əməkdaşlıqlar kimi sahələrdə də regional miqyasda fəaliyyətlərini genişləndirdiyi bildirilir.

Dəniz platformalarına inteqrasiya işləri

TOLGA sisteminin yalnız quru elementləri ilə məhdudlaşmayacağı, dəniz platformalarına inteqrasiya işlərinin də davam etdiyi bildirilib. Bu çərçivədə sistemin kamikadze insansız dəniz platformaları və aşağı hündürlük təhdidlərinə qarşı gəmilərə inteqrasiya edilməsi planlaşdırılır.

Planlaşdırılan inteqrasiya ilə TOLGA-nın gəmilərin mövcud müdafiə arxitekturasına əlavə təbəqə təmin edərək xüsusilə yaxın məsafə və aşağı bucaq təhdidlərinə qarşı reaksiya müddətini azaltması məqsəd qoyulur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TOLGA   MKE  


Bizi "telegram"da izləyin