Efiopiyanın Amxara bölgəsində üsyançılar hərbi komandiri əsir götürüb, 300-dən çox hökumət qüvvəsi öldürülüb

2026/04/Ekran-1775457349.jpg
Oxunub: 462     10:34     06 Aprel 2026    
Efiopiyanın Amxara bölgəsində fəaliyyət göstərən “Fano” qüvvələri bazar günü Qoccamın Dega Damo ərazisində ordu polkovnikini əsir götürdüklərini açıqlayıb.

Ordu.az xəbər verir ki, onun adı Demelaş Koçito kimi təqdim olunub.

Polkovnikin onu saxlayanlarla birlikdə olduğu iddia edilən video görüntülər bazar günü sosial şəbəkələrdə yayılıb.

Amxara “Fano” Milli Hərəkatının əsas liderlərindən biri olan Asres Mare Damtie bildirib ki, o, Tewodros Komandanlığının 109-cu korpusu və komandanlığın komando bölməsinin bazar günü yerli vaxtla saat 05:00-da başladığı birgə hücumdan sonra əsir götürülüb.

Məlumata görə, 300-dən çox hökumət qüvvəsi öldürülüb. Onlardan üçü polkovnik rütbəsində olmaqla hərbi zabitlər olub.

“Fano” qüvvələrinin bildirdiyinə görə, onlar Efiopiya Müdafiə Qüvvələrinin Şərq Komandanlığında uzun müddət xidmət etmiş hərbi komandirlər olub, lakin adları açıqlanmayıb.

General Məhəmməd Tessemanın rəhbərlik etdiyi Şərq Komandanlığı artıq bir neçə ildir ki, həmin əraziyə yerləşdirilib. General yaxın zamanda “ekstremist” adlandırdığı qüvvələrin artıq mövqelərini qoruyub döyüşmək imkanında olmadığını bildirməsi ilə gündəmə gəlmişdi.

“Fano” əməliyyatları Adet və Gonji şəhərlərində həyata keçirilib.

Adetdə baş verən döyüşlərdə “Fano” qüvvələri 156 hökumət qüvvəsini öldürdüklərini iddia edir. Onlardan 22-si Efiopiya Müdafiə Qüvvələrinin üzvləri, qalanları isə milis və iğtişaş əleyhinə qüvvələr olub.

Gonji şəhərində isə əməliyyat nəticəsində öldürülən hökumət qüvvələrinin sayının 150 olduğu bildirilir.

“Fano” qüvvələri həmçinin hər iki əməliyyat nəticəsində böyük həcmdə silah arsenalı ələ keçirdiklərini və 200-dən çox məhbusu azad etdiklərini iddia edir.

Bununla belə, onların öz itkiləri ilə bağlı məlumat verilməyib.

Efiopiya Müdafiə Qüvvələri isə “Fano”nun son iddiaları ilə bağlı şərh verməyib. Bunun əvəzində, “Fano” qüvvələrinə ötürülməsi iddia edilən nəqliyyat vasitələrinin və minlərlə litr yanacağın ələ keçirildiyini açıqlayıb.

Ötən həftə “Fano” qüvvələri bəyanat yayaraq müxalifət partiyalarını federal seçkilərdə iştirak etməməyə çağırıb və bölgədə seçki fəaliyyətində iştirak edənlərin hədəfə alınacağını xəbərdar edib.

Hökumət uzun müddətdir bildirir ki, “Fano” qüvvələrinə qarşı hərbi əməliyyatlar demək olar ki, başa çatıb və yalnız “təmizləmə” mərhələsi qalıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Efiopiya  


Bizi "telegram"da izləyin